Hindistanın şimalında daşqınlar nəticəsində azı 22 nəfər həlak olub

Hindistanın şimalında yerləşən Himaçal-Pradeş ştatında ötən gün baş verən daşqın və torpaq sürüşmələri nəticəsində azı 22 nəfər, o cümlədən bir ailənin səkkiz üzvü həlak olub, daha beş nəfər itkin düşüb.

AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, bunu jurnalistlərə şənbə günü ştatın təbii fəlakətlərlə mübarizə departamentinin direktoru Sudeş Kumar Moxta bildirib. Onun sözlərinə görə, leysan yağışlardan ən çox Mandi, Kanqra və Çamba dairələr ziyan çəkib. Ştatda əlverişsiz hava şəraiti ilə bağlı 36 insident qeydə alınıb.

Torpaq sürüşmələri ştatın bir çox avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib. Ən çox ölüm halı (13 nəfər) Mandi dairəsində baş verib.