Hindistanda “Tauktae” siklonu nəticəsində ölənlərin sayı 20 nəfəri ötüb

Hindistanın qərb sahillərində tüğyan edən “Tauktae” siklonu nəticəsində azı 21 nəfər həlak olub.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin 96 nəfər itkin düşüb. Güclü küləklərin aşırdığı ağaclar elektrik xətlərini zədələdiyi üçün yüz minlərlə insan işıqsız qalıb.

Yerli meteoroloji xidmətlərin məlumatına görə, mayın 17-də axşam saatlarında küləyin maksimal sürəti saatda 210 kilometrə çatıb. Siklon səbəbindən Qucarat ştatında yerləşən aeroportların fəaliyyəti dayandırılıb.

Bundan başqa Mumbay sahilləri yaxınlığında iki gəmi qəzaya uğrayıb. Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatlarını çətinləşdirir. Xilasedicilər qəzaya uğrayan gəmilərin göyərtəsində olan 400 nəfərdən hələlik yalnız 177-ni təxliyə edə bilib.

Siklonun tədricən zəifləməsinə baxmayaraq, meteoroloqlar yaxın günlərdə Hindistanın əksər rayonlarında, xüsusən Qucarat və Maharaştra ştatlarında güclü leysan yağışlar yağacağını proqnozlaşdırırlar.