Hikmət Hacıyev: “Ermənistanın bütün təxribatlarının cavabı veriləcək”

“Azərbaycan Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağa hazırdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya – “Stratcom 21” Sammitindən sonra “Haber Global”a müsahibəsində bildirib.

“Rusiya bu prosesdə məşvərətçi qismində çıxış etmək istəyini ifadə edib. Amma prosesin baş tutması və uğurlu alınması üçün Ermənistanın ciddi şəkildə düşünməsi və müsbət addımlar atmasına ehtiyac var”, – Prezidentin köməkçisi qeyd edib.

H.Hacıyev vurğulayıb ki, insanların böyük sevinclə, güvənli şəkildə doğma torpaqlarına qayıtması və orada yaşaması Qarabağ savaş səhifəsinin qapanması üçün vacibdir:

“Təəssüf ki, bu gün də minalardan nə qədər insan ölür. Bu da Ermənistanın Azərbaycana qarşı vandalizminin, savaş siyasətinin davamı kimi qiymətləndirilə bilər. Minalar qəsdən basdırılıb və məqsəd günahsız insanların ölümünə səbəb olmaq, eləcə də öz evlərinə geri dönməsinə mane olmaqdır”.

“Nə zaman ki müsbət dinamika baş verir, onlar hərbi və ya siyasi təxribat törədərək bunun qarşısını almağa çalışırlar. Azərbaycan Ermənistanın bütün bu təxribatlarının qarşısını alacaq və cavabını verəcək”, – H.Hacıyev deyib.