Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri də məktəb tikintisinin geniş vüsət almasıdır. Dövlətimizin başçısının yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində deyildiyi kimi, bu il ölkə üzrə 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi Bilik Gününə hazır vəziyyətə gətirilib.

Heydər Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirib. Fond bütün ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək”, ümumiyyətlə, dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirib.

Fondun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni inkişaf etdirərək beynəlxalq səviyyəyə çatdırmaqdır. “Yeniləşən Azərbaycana yeni məktəb ” layihəsi həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılmasının zəruriliyi və digər sahələrdə çoxlu sayda uğurlar qazanılıb.

Təkcə bu tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.

“Report” Gəncə, Samux, Ucar, Tovuz, Qazax, Salyan və Neftçalada yeni istifadəyə verilən məktəb və məktəbəqədər təhsil müəssisələrinin açılışından xəbərləri təqdim edir.

Gəncə

15 sentyabr – Bilik Günündə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Təhsil naziri Emin Əmrullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan İdman liseyinə baxış keçirilib. İdman liseyində foyedə ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət və qayğını özündə əks etdirən fotoguşə təqdim edilir.

İdman liseyinin dördmərtəbəli yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub. 360 yerlik liseydə 18 sinif otağı var. Yeni istifadəyə verilən təhsil müəssisəsində güləş zalı, futbol, basketbol meydançaları, akt zalı və yeməkxana fəaliyyət göstərir.

Gəncədə idmanın, xüsusən də güləşin böyük ənənələrə malik olduğunu, gəncəli idmançıların isə həm respublika, həm də beynəlxalq səviyyəli yarışlarda böyük uğurlar qazandığını xatırladan Anar Ələkbərov idman liseyində yaradılmış ən müasir şəraitdən istifadə edən gənclərin gələcəkdə yeni-yeni uğurlar qazanacağına və ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacağına əminliyini ifadə edib.

Samux

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Samux rayonunda da olub. Burada Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin və Sərkar kənd körpələr evi–uşaq bağçasının binaları istifadəyə verilib. Pandemiya şəraitində, karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən açılış mərasimində, həmçinin Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, məktəbin və bağçanın kollektivi də iştirak ediblər.

Anar Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını və yeni tədris ilinin başlanması ilə əlaqədar təbriklərini çatdırıb.

1923-cü ildə tikilən binada fəaliyyətə başlayan məktəb üçün 1936-cı, 1959-cu və 1968-ci illərdə artan tələbata uyğun olaraq əlavə korpuslar tikilib. Məktəb sonuncu dəfə 2004-cü ildə təmir edilib, sinif otaqları çatışmadığı üçün bu vaxtadək tədris iki növbədə aparılıb. Məktəbin binası ötən illər ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Heydər Əliyev Fondu tərəfindən yeni 800 şagird yerlik məktəbin inşasına 2019-cu ildə başlanılıb, tikinti işləri 2020-ci ilin avqust ayında yekunlaşıb.

Üçmərtəbəli 5 korpusdan ibarət məktəb binasında 39 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, iki informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Məktəbin direktoru Afaq Möyləyeva müəllim kollektivi, şagirdlər və valideynlər adından Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təhsilə, onun inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Prezidentin köməkçisi Anar Ələkbərov qeyd edib ki, Heydər Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr və proqramlar icra etməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir. Fondun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Proqram çərçivəsində paytaxtda və ölkənin müxtəlif bölgələrində tikilən məktəblər müasir avadanlıq, laboratoriyalar, zəngin kitabxanalar, emalatxana, idman zalları, geniş meydançalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz edilir.

Sərkar kənd körpələr evi–uşaq bağçası ilə tanışlıq zamanı isə bildirilib ki, bina 1987-ci ildə inşa olunub. 80 yerlik nəzərdə tutulan bağçanın binası qəzalı olduğu üçün 40 yerlik olaraq fəaliyyət göstərib. Bina ötən illər ərzində fiziki köhnəlib və istifadəyə yararsız vəziyyətə düşüb. Heydər Əliyev Fondu tərəfindən yeni körpələr evi–uşaq bağçasının inşasına 2019-cu ilin sonlarında başlanılıb. Tikinti işləri 2020-ci ilin avqust ayında yekunlaşıb.

Yüz yerlik körpələr evi–uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.

Anar Ələkbərov qeyd edib ki, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” layihəsi çərçivəsində respublika üzrə onlarla uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, yeni avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar tikilib və kommunal şərait yaxşılaşdırılıb. Fond, həmçinin bu illər ərzində “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində yeni uşaq bağçaları, körpələr evinin inşası və təmiri sahəsinə öz töhfəsini verib.

Daha sonra Samux rayonunda İmadəddin Nəsimi adına Ziyadlı kənd tam orta məktəbi və körpələr evi-uşaq bağçasının da yeni binaları istifadəyə verilib.

Bildirilib ki, Ziyadlı kənd tam orta məktəbi 1979-cu ildə inşa olunmuş binada fəaliyyət göstərib. Bina sonuncu dəfə 2006-cı ildə təmir edilib. Məktəbin binası sonrakı illərdə köhnəldiyi üçün yararsız vəziyyətə düşüb.

Heydər Əliyev Fondu tərəfindən yeni 523 şagird yerlik məktəbin əsaslı təmirinə 2019-cu ilin sonlarında başlanılıb. Təmir işləri 2020-ci ilin avqust ayında yekunlaşıb. İkimərtəbəli 4 korpusdan ibarət məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilinin inkişafına göstərdiyi diqqət və qayğını özündə əks etdirən fotoguşə yaradılıb. Təhsil müəssisəsində 28 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana və akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Ziyadlı kənd körpələr evi–uşaq bağçası ilə tanışlıq zamanı isə bildirilib ki, bina 1929-cu ildə inşa olunub. 60 yerlik nəzərdə tutulan bağça qəzalı olduğu üçün 20 yerlik olaraq fəaliyyət göstərib. Bina ötən illər ərzində köhnələrək yararsız vəziyyətə düşüb. Heydər Əliyev Fondu tərəfindən yeni körpələr evi–uşaq bağçasının inşasına 2019-cu ilin sonlarında başlanılıb. Tikinti işləri 2020-ci ilin avqust ayında yekunlaşıb.

Bina 2 mərtəbədən ibarətdir. Bağçada uşaqlar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı, digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.

Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə qurğuları quraşdırılıb, söhbətgahlar inşa edilib.

Ucar

Sentyabrın 15-də Ucar rayonunda da bir sıra təhsil müəssisələri istifadəyə verilib. Onlardan biri də Ucar rayonu, Qarabörk kənd tam orta məktəbinin yeni binasıdır.

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovla birgə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Sonra məktəbin yeni binası ilə tanışlıq olub. Bildirilib ki, məktəbin 1978-ci ildə tikilmiş köhnə binası ötən müddətdə yarasız hala düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə 420 şagird yerlik məktəb binasının yenidən tikintisinə başlanılıb. Yeni tədris ilində istifadəyə verilən məktəb binası 2 mərtəbə və 3 korpusdan ibarətdir.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib.

420 şagird yerlik ikimərtəbəli məktəb binasında 16 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, bufet, akt və idman zalları, həmçinin açıq idman meydançası da var.

Həyətyanı sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Həmin gün Ucar şəhər 6 saylı körpələr evi–uşaq bağçasının binasının da açılışı olub. Bildirilib ki, Ucar şəhər 6 saylı körpələr evi–uşaq bağçası 1954-cü ildən fəaliyyət göstərir. Bina istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən yeni körpələr evi–uşaq bağçası tikilib. İkimərtəbəli, 80 yerlik körpələr evi–uşaq bağçasında uşaqlar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və digər inzibati və texniki otaqlar var.

Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları quraşdırılıb.

Xatırladaq ki, Azərbaycanda hazırda 4500-ə qədər məktəb var. Son 17 ildə bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bundan başqa, son 2-3 il ərzində kiçik kəndlərdə modul tipli məktəblərin inşasına da start verilib. Bu il modul tipli 60 məktəbin tikintisinə başlanılıb.

Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Mövcud vəziyyət nəzərə alınaraq, 2020-2021-ci tədris ili yeni formatda təşkil edilir.

Tovuz

Sentyabrın 15-də Tovuz rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən Ş.İ.Xətai adına Köhnəqala kənd orta məktəbin binasının əsaslı təmirdən sonra açılışı olub.

Tədbirdə iştirak edən Təhsil naziri Emin Əmrullayev və Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov əvvəlcə Tovuz şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Sonra məktəb binası ilə tanışlıq olub. Məlumat verilib ki, 1980-ci ildə istifadəyə verilmiş Köhnəqala kənd orta məktəbinin binası köhnəlmiş və qəzalı vəziyyətə düşmüşdü. Məktəbin 624 şagird yerlik yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub. Bina 2 mərtəbəli 4 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. Məktəb binasında 27 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası da var.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Tovuz şəhəri A.Qasımov adına tam orta məktəbin əsaslı təmirdən sonra açılışı zamanı isə diqqətə çatdırılıb ki, məktəb binası 90 il bundan əvvəl tikilmişdi və qəzalı vəziyyətdə idi.

Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş 624 şagird yerlik yeni məktəb binası sentyabrın 15-də istifadəyə verilib. Məktəb 3 mərtəbəli tədris korpusundan, idman zalından ibarətdir. Zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. 21 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana və akt zalı, məktəbin ərazisində idman zalı var. Məktəbin həyətyanı ərazisində abadlıq, yaşıllaşdırma işləri aparılıb.

Daha sonra Tovuz rayonu Dondar Quşçu kənd tam orta məktəbinin əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi olub.

Məlumat verilib ki, 1984-cü ildə orta məktəbin inşa olunmuş 2 mərtəbəli binası ötən illər ərzində fiziki köhnəlmişdi.

Heydər Əliyev Fondu tərəfindən 620 şagird yerlik məktəbin təmirinə 2019-cu ilin sonlarında başlanılıb. Təmir işləri 2020-ci ilin avqust ayında yekunlaşıb. Məktəbin ümumi ərazisi 1,5 hektar sahəni əhatə edir.

İkimərtəbəli məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və idman zalı var. Məktəb otaqları zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt və qazon örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib.

Qazax

Həmin gün Qazax rayonu İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbi də əsaslı təmirdən sonra istifadəyə verilib.

Əvvəlcə Qazax şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi ziyarət edilib.

Kosalar kənd tam orta məktəbinin yeni binası ilə tanışlıq zamanı bildirilib ki, məktəb 1987-ci ildə tikilib. Fiziki köhnəlmə nəticəsində binada əsaslı təmirə ehtiyac yaranmışdı.

Heydər Əliyev Fondu tərəfindən 2019-cu ilin iyun ayının sonlarında 1176 şagird yerlik məktəbdə əsaslı təmirə başlanılıb. Əsaslı təmir işləri 2020-ci ilin iyun ayının sonlarında yekunlaşıb. Məktəb iki korpusdan ibarətdir. Birinci korpus üç mərtəbəli, ikinci korpus iki mərtəbəlidir. Zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

30 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, hərbi təlim, tibb və əmək təlimi otaqları, elektron kitabxana, akt zalı, idman zalı və 2 açıq idman meydançası, güləş zalı var.

Salyan

Salyanın Aşağı Kürkənd kəndində yeni məktəb binası istifadəyə verilib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən təhsil ocağı 360 şagird yerlikdir.

Məktəbin direktoru Sitarə Təhməzova bildirib ki, Azər Əliyev adına Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbi 1949-cu ildə tikilib və birmərtəbəli binada fəaliyyət göstərib. Ötən müddətdə məktəbin binası fiziki köhnəlmədən qəzalı vəziyyətdə olub. Son illər binada cari təmir işləri aparılsa da, müasir standartlara cavab vermirdi. İstilik sistemi, işıqlandırma normal olmadığı üçün tədrisə öz mənfi təsirini göstərirdi.

Bu məqsədlə Heydər Əliyev Fondu tərəfindən yeni 360 şagird yerlik məktəbin inşası həyata keçirilib. Üçmərtəbəli bina 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. 360 şagird yerlik binada 20 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Məktəb binasının açılışında Heydər Əliyev Fondunun nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları iştirak ediblər. Yeni istifadəyə verilən bina ilə tanışlıq olub, həmçinin şagirdlərlə görüş keçirilib, onlara dərs ləvazimatlarından ibarət hədiyyələr verilib.

Məktəb direktoru göstərilən diqqət və qayğıya, məktəb üçün inşa edilən yeni binaya görə kollektiv və valideynlər adından Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Salyanda yenidən inşa edilərək istifadəyə verilən digər təhsil ocağı isə Salyan şəhər 9 saylı körpələr evi-uşaq bağçasıdır.

1975-ci ildə inşa olunan uşaq bağçası uyğunlaşdırılmış binada fəaliyyət göstərib. İstifadəyə yararsız vəziyyətə düşən körpələr evi-uşaq bağçası üçün Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilərək istifadəyə verilib.

Bağçanın müdiri Püstə Hacıyeva bildirib ki, əvvəllər tədris keçilən bina birmərtəbəli və 40 yerlik idi. Bina köhnə olduğu üçün bir sıra çətinliklər yaranırdı. Lakin Heydər Əliyev Fondunun dəstəyi ilə qısa müddətdə 60 yerlik ikimərtəbəli bina inşa olunub. Bağçada yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, anbar, tibb otağı, camaşırxana və digər inzibati və texniki otaqlar mövcuddur.

Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb.

Yeni istifadəyə verilən binada yaradılan şəraitə baxış keçirilib.

Neftçala

Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən Neftçala rayon Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbi sentyabrın 15-də istifadəyə verilib.

Məktəb direktoru Cəmaləddin Gözəlov bildirib ki, məktəbin binası 1988-ci ildə inşa olunduğundan qəzalı vəziyyətdə idi. Bina istifadə müddətini başa vurduğu üçün istilik sistemi sarıdan da çətinliklər olurdu. Həmçinin otaqların işıqlandırma sistemi zəif olduğu üçün tədrisdə problemlər yaranırdı. Lakin qəzalı vəziyyətə düşən məktəbin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Bina 4 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

864 şagird yerlik məktəbdə 38 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, iki informatika otağı, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası da var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

İstifadəyə verilən binada yaradılan şəraitə baxış keçirilib. Məktəb direktoru təhsil ocağında yaradılan şəraitə görə pedaqoji kollektiv və qəsəbə sakinləri adından Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib.

Xıllı qəsəbə sakini Rauf Əliyev də qəsəbədə məktəb binasının əsaslı təmir olunmasını ölkəmizdə təhsil infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımların bariz nümunəsi olduğunu vurğulayıb. O, köhnə binanın tədrisə də mənfi təsir göstərdiyini bildirib. “Amma artıq qəsəbəmizin şagirdləri əsaslı təmir olunan məktəb binasında təhsil alacaqlar. Bu, tədrisə də öz müsbət töhfəsini verəcək. Yaradılan şəraitə görə bu işdə əziyyəti keçənlərə minnətdarlığımızı bildiririk”, – deyə o qeyd edib.