Türkiyənin milli texnologiya həmlələri sərhədləri aşır. Türk mühəndisliyinin imzası artıq qlobal təhlükəsizlik sistemlərinin formalaşmasına istiqamət verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Sənayesi Baş İdarəsinin (SSB) sədri Haluk Görgün ölkəsinin istehsal etdiyi KAAN döyüş təyyarələrinin İndoneziyaya ixracı ilə bağlı müqaviləni şərh edərkən deyib.
Türkiyənin artıq özünün beşinci nəsil döyüş təyyarəsini dost ölkələrlə bölüşməkdən qürur duyduğunu bildirən Görgün deyib: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə milli texnologiya təşəbbüsümüz sərhədləri aşır. KAAN-ın İndoneziyaya ixracına dair ilk rəsmi addım İndoneziya Prezidenti Prabovonun iştirakı ilə atıldı”.
O, deyib ki, əsas podratçı olan TUSAŞ və İndoneziyanın seçkin müdafiə sənayesi şirkətləri ilə həyata keçiriləcək layihə birgə istehsal, texnologiya paylaşımı və strateji əməkdaşlığın ən konkret nümunələrindən biri olacaq.
KAAN-nın ölkəsinin milli müdafiə sahəsi üzrə ən irəli addımlarından biri olduğunu qeyd edən sədr daha müasir vasitələr üçün bütün sektorun çalışmaqda davam etdiyini vurğulayıb.