Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqlara dair bəyanat yaydılar

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Azərbaycan və Ermənistanın Xarici işlər nazirləri ilə videokonfrans formatda görüş keçiriblər.

Bu barədə “Report”a ATƏT-dən bildirilib.

Fevralın 16-da həmsədrlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistanın Xarici işlər naziri Ara Ayvazyanla ayrı-ayrılıqda videokonfrans formatında danışıqlar aparıblar. Danışıqlarda ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Qeyd edilir ki, həmsədrlər hər bir nazirlə bölgədəki sabitliyin təmin olunması, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə bağlı fikir mübadiləsi aparıblar.