Gürcüstanın baş naziri: “Parlament sədri Azərbaycanda səfərdə olarkən istefa verə bilməzdi”

“Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycanda rəsmi səfərdə olarkən istefa verə bilməzdi”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib.

Baş nazirin sözlərinə görə, İ.Kobaxidze Tbilisidə etirazların baş verdiyi ilk gün istefa verməli idi: “Lakin o, Bakıda səfərdə idi. Parlament sədrinin xaricdə səfərdə olarkən istefa verməsini necə təsəvvür etmək olar? Spiker səfərini dayandırdı və ilk reyslə Gürcüstana qayıtdı. O, qayıdan kimi, hakim partiyanın Siyasi Şurasının iclasına qatıldı və onun istefası barədə qərar qəbul olundu”.

Qeyd edək ki, İ.Kobaxidze iyunun 20-də Azərbaycana ilk rəsmi səfərini edib. Həmin gün Tbilisidə baş verən etirazlar səbəbindən spiker səfəri yarımçıq qoyaraq vətənə qayıdıb və iyunun 21-də vəzifəsindən istefa verib.