G20 zirvəsi – dünyanın başını qatan daha bir toplantı – ŞƏRH

Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 20 böyük dövlətinin – G20-nin Yaponiyanın Osaka şəhərindəki ikigünlük zirvə toplantısı başa çatıb. Bununla belə, sammitin nəticələri, dünyadakı problemlərin həllinə ehtimal olunan müsbət təsiri müzakirə olunmaqdadır. Heç şübhəsiz, sammitdə daha maraqlı və gözlənilən görüşlər ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin sədri Si Szinpin, Səudiyyə Ərəbistanının şahzadəsi, vəliəhd Məhəmməd bin Salmanla görüşlərinə daha çox diqqət yetirilirdi.

Deməli, 2014-cü ildə Ukraynada baş verən hadisələrdən sonra ABŞ-la Rusiya arasında münasibət gərginləşib. Xüsusilə Krımın Rusiya tərəfindən ilhaq edilməsi, Ukraynanın şərqində separatçıların fəaliyyəti tərəflər arasında gərginliyə səbəb olub. Donald Trampın prezident seçilməsində Rusiya amili hələ də araşdırılır. Moskva bu siyasi kampaniyaya müdaxilə etmədiyini bildirir. Ştatlarda isə məsələ öyrənilir və heç şübhəsiz, bu davam edəcək. Hətta bu barədə filmin çəkiləcəyini də ehtimal etmək olar. ABŞ-ın İrana qarşı mövqeyinin Rusiya tərəfindən dəstəklənməməsi də tərəflərin problemlərindən sayılır. Moskvanın Suriyada ABŞ siyasətinə qarşı çıxması, Moskvanın Venesuelada tutduğu mövqe Ağ Ev – Kreml ziddiyyətlərini kəskinləşdirən amillərdir.

Təbii ki, ABŞ-la Rusiya arasında çoxsaylı problemlər var. Sadəcə, liderlərin müzakirəyə çıxardığı əsas məsələlər bunlar sayılır. Osakada tərəflər arasında görüş 1 saat 20 dəqiqə sürüb. Görüşün sonunda Vladimir Putin Donald Trampı 2020-ci il mayın 9-da Böyük Vətən Müharibəsinin başa çatmasının 75-ci ildönümü münasibətlə keçiriləcək tədbirə dəvət edib. Trampla Putin 2017-ci ildən indiyədək 4 dəfə görüşüb, 9 dəfə telefonla danışıb. Cari ilin son altı ayında isə onlar bir dəfə Osakada görüşüb, bir dəfə də telefonla danışıb. Görüşdən sonra tərəflər XXI əsrdə silahlanma üzərində nəzarətə dair müzakirəni davam etdirməyə dair razılaşıblar. Tramp Suriyadakı rejimin başçısı Bəşşar Əsədi İdilibdə törətdiklərinə görə ittiham edib. ABŞ lideri Suriyanın bu bölgəsində Əsədin əməlləri nəticəsində “sallaqxana”nın yaradıldığını bildirib. O, Rusiyanı İdlib əyalətini bombalamağı dayandırmağa çağırıb.

Əslində, heç kimə sirr deyil ki, Rusiya Ukraynaya yönəlik siyasətindən əl çəkənə oxşamır. Bu isə Vaşinqtonun Moskvaya tətbiq etdiyi sanksiyaların qüvvədə qalacağı deməkdir. Rusiya İran və Venesueladakı hakimiyyətləri dəstəkləməkdən də imtina edənə hələ ki bənzəmir. Yaxud Moskva Tehranla Karakası Vaşinqtona nəyin bahasına güzəştə gedə bilər? Tərəflər arasında bu ölkələrə dair hələ ki ciddi razılaşma yoxdur. Çünki sövdələşmə şərtlərinin ağırlığından anlaşmaya nail olunmadığı görünür. Bir də Venesuela, Ukrayna, Suriya və İran üzrə Rusiyanın tutduğu mövqe Moskvanın siyasətinin əsaslarından sayılır. Bu istiqamətlərdə istənilən yumşalma və ya güzəşt perspektivdə Rusiyaya inamı azaldar. Odur ki, Tramp-Putin danışıqlarının daha çox mövqe açıqlamalarına həsr olunduğunu ehtimal etmək mümkündür.

Yeri gəlmişkən, Rusiya kimi Türkiyə də Azərbaycana qonşu dövlət olduğundan, ayrıca ölkələr arasında münasibətlərin əhəmiyyəti baxımından prezident Rəcəb Tayyib Ərdoğanla Donald Trampın görüşü də maraqla izlənilirdi. Müttəfiq olduqlarından Türkiyə ilə ABŞ münasibətlərindəki gərginlik də paradoksal sayıla bilər. ABŞ Rusiyaya sanksiya tətbiq edibsə, Türkiyə üçünsə müəyyən məhdudlaşdırıcı tədbirlər həyata keçirib. Bu isə Vaşinqtonla Ankaranın daha tez anlaşa biləcəklərini düşünməyə əsas verir. Türkiyə bölgədə ABŞ-ın siyasətinə qarşı, demək olar ki, çıxmayıb. Tərəflər arasında əsas ziddiyyət ABŞ-ın Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyən, onun təhlükəsizliyini təhdid edən terrorçu PKK/YPG-PYD qruplaşmasını və onların yaratdığı Suriya Demoktraik Qüvvələrini dəstəkləməsi, onları silah-sursat və ağır texnika ilə təchiz etməsidir. Vaşinqton isə Türkiyəni daha çox Rusiya ilə əməkdaşlıqda ittiham edir, xüsusilə “S-400” zenit-raket komplekslərini aldığı üçün sanksiyalarla hədələyir. Ərdoğanla Tramp arasında müzakirə edilən başlıca məsələnin də bu olduğu istisna edilmir.

Bu arada Donald Tramp bildirib ki, iki ölkə arasında bu problem sələfi Barak Obama vaxtında Türkiyə hökumətinin “Patriot” raket sistemlərini satın almasına yol verilməməsindən qaynaqlanıb: “Onlar Türkiyənin ehtiyacı olan “Patriot”ları almağa icazə vermədi. Obama hakimiyyəti onun satışına icazə vermədi. Ona görə də Türkiyə başqa bir raket sistemi almağa məcbur oldu. Türkiyə ABŞ-ın dostu və mühüm ticarət tərəfdaşıdır. ABŞ Türkiyənin Rusiyadan “S-400” raket sistemləri alması məsələsinin həlli üçün bir sıra variantları müzakirə edir”. O, Türkiyəyə münasibətdə ədalətli davranılmadığını vurğulayıb: “Ərdoğan dostcasına əlaqələrim olan bir liderdir”. Bununla belə, Donald Tramp “S-400” məsələsi ilə bağlı Türkiyəyə qarşı sanksiya tətbiqini istisna etməyib və yaxın vaxtlarda Türkiyəyə səfərini də mümkün sayıb. R.T.Ərdoğan da ABŞ ilə strateji tərəfdaş olduqlarını, ikitərəfli münasibətlərdə həmrəyliyin davam edəcəyinə ümidvar olduğunu dilə gətirib: “Fikrimcə, ABŞ prezidenti Trampla “Böyük-20”liyin zirvə toplantısında görüşüm ikitərəfli münasibətlərdə dirənmiş məsələləri və əməkdaşlığımızı gücləndirməyimiz üçün vacib rol oynaya bilər”. Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəni “F-35” qırıcıları ilə bağlı layihədən uzaqlaşdırması ilə bağlı məsələyə də münasibət bildirib: “Biz “F-35”lə bağlı 1,25 milyard dollar ödəmişik. Əgər onlar doğru olmayan bu addımı atsalar, onda biz xərclədiyimiz məbləği geri qaytarmaq üçün beynəlxalq məhkəməyə müraciət edəcəyik”. ABŞ-la Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 75 milyard dollardır. Donald Tramp bu rəqəmi 100 milyard dollara çatdırmağın vacibliyini vurğulayıb. ABŞ-Türkiyə münasibətlərinin normallaşması bölgədə sabitlik, təhlükəsizlik, antiterror fəaliyyət və iqtisadi inkişafa müsbət təsir edə bilər. Çünki Türkiyə İsraildən fərqli olaraq demokratik prinsiplərlə idarə edilməklə yanaşı, həm də müsəlman dövlətidir. Ona görə də ehtimal etmək olar ki, ABŞ Türkiyənin bu üstünlüyünü perspektivdə yürüdəcəyi siyasətdə yenə nəzərə alacaq. İyulun sonunda Donald Trampın ehtimal edilən səfərinin reallaşacağını isə tərəflər arasında buzların əriməsi kimi qiymətləndirmək mümkündür.

Təbii ki, Osakada Sədudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasından jurnalist Camal Qaşıqçının yoxa çıxması baxımından vəliəhd Məhəmməd bin Salmanla ABŞ liderinin görüşü də diqqətlə izlənilib. Bu həm də məlum hadisədən sonra vəliəhdin “Böyük”lərlə ilk görüşü idi. Tramp vəliəhdlə insan haqlarını, İrandan gələn təhlükəni müzakirə edib. Eyni zamanda Donald Trampla Si Szinpinin görüşü 80 dəqiqə sürüb. Tərəflər aralarındakı mübahisəli iqtisadi-ticari məsələlərin tənzimlənməsini müzakirə ediblər. ABŞ lideri görüşdən əvvəl bildirmişdi: “Si Szinpin “Böyük-20”lik (G20) liderlərinin sammitinə gəlməzsə, onlara təcili olaraq yeni rüsumlar tətbiq edəcəyik”. Qeyd edək ki, Çin rəhbərliyinin bu tədbirdə iştirak etməyəcəyi barədə xəbər yayılmışdı. Diqqətçəkən görüşlərdən biri də Britaniyanın istefa vermiş, fəaliyyətini davam etdirən baş naziri Tereza Meylə Vladimir Putin arasında olub. Londonla Moskva arasında münasibət uzun müddətdir normallaşmır. Bu, Meyin Putinlə Osaka sammiti çərçivəsində görüşündə də görünüb: “Rusiya məsuliyyətsiz və pozucu fəaliyyətini dayandırmayınca ikitərəfli münasibətlərimizin normallaşması mümkün deyil”.

Göründüyü kimi, G20 liderləri dünyanı narahat edən başlıca problemlərin həlli ilə bağlı razılıq əldə etməyiblər. Liderlər korrupsionerlərə ölkələrində sığınacaq verməyəcəkləri barədə razılığa gəliblər. Bunu görüşün müsbət nəticələrindən saymaq olar. “Böyük”lərin zirvə toplantısı aralarındakı problemlərin, ziddiyyətlərin danışıqlar yolu ilə həll olunması, yaxud müzakirəyə çıxarılması baxımından əhəmiyyətlidir.

Nəhayət, G20 rəsmi olmadığı üçün onun toplantısında yekun sənəd də imzalanmır. Bu sammitin təsiri İran, Suriya, Venesuela və Ukraynada gələcəkdə baş verəcəyi gözlənilən, yaxud ehtimal olunan hadisələrdə özünü göstərə bilər. Bütün hallarda beynəlxalq BMT, ATƏT, Avropa Şura Parlament Assambleyası, Avropa İttifaqı, NATO kimi rəsmi beynəlxaq qurumlar dünyadakı münaqişəli problemləri həll edə bilmədiyi halda, “Böyük”lərdən bunu gözləmək sadəlövlükdür.