Fransa əhalisinin böyük əksəriyyəti pensiya islahatına qarşı etirazları dəstəkləyir

Fransızlar hökumətin pensiya islahatını qəbul etmirlər. Onlar pensiya islahatının əleyhinə səfərbər olublar. Pensiya islahatına etiraz nümayişində Fransa polisi yenə də zorakılığa əl atıb, etirazçılara qarşı gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə edib. Etiraz nümayişindən sonra sosial sorğu keçirilib. Hər on fransızdan 6 nəfərindən çoxu hesab edir ki, pensiya islahatı dəyişməlidir.

AZƏRTAC xəbər verir ki, “Odoxa-Backbone Consulting” şirkətinin apardığı sorğunun nəticələrinə görə, həmkarlar ittifaqlarının təşəbbüsü ilə pensiya islahatına qarşı etirazlardan sonra hər on fransızdan altısı hökumətin pensiya islahatına dəyişikliklər edəcəyinə və indiki mətndən imtina etməli olacağına inanır.

Bildirilir ki, respondentlərin 41 faizi hökumətin heç nəyi dəyişmədən mətni olduğu kimi saxlayacağına inanır, 47 faizi isə cümə axşamı etirazlarından sonra hökumətin islahat mətninə yenidən baxmağa məcbur olacağını deyir. Fransızların 70 faizi yanvarın 19-da pensiya islahatlarına qarşı etiraz nümayişlərini uğurlu hesab edib və əhalinin 66 faizi onları dəstəkləyib.

Həmçinin bir çox siyasətçilər hesab edirlər ki, indiki vəziyyət referendumun keçirilməsini zəruri edir və makronçular xalqın razılığını almalıdırlar.

Hökumətin pensiya islahatı paketini xalqla razılaşdırılmadan qəbul etməsinin demokratik sistemə zidd olduğu vurğulanır.

Qeyd edək ki, yanvarın 19-da fransızların pensiya islahatına etirazları zamanı polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Nəticədə Fransa polisi yenə də zorakılığa əl atıb, nümayişçilərə qarşı gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə edib.