Fövqəladə Hallar Nazirliyi dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

Fevralın 17-18-də qərb küləyinin güclənməsi və havanın temperaturunun tədricən yüksəlməsi fonunda bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var. Qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) təhlükəsizlik qaydaları ilə bağlı yaydığı məlumatda bildirilir.

“Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömbələrək dizlərinizi özünüzə sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin. Uçqun sizi yaxalayıbsa;

– nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün,

– qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın,

– axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın,

– uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);

– qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır;

– soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin”, – deyə FHN-in yaydığı məlumatda bildirilir.

ƏvvəlkiBakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib
NövbətiProkuror “Crocus City Hall”dakı terror aktı üzrə təqsirləndirilən şəxslər üçün ömürlük həbs cəzası istəyib