Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qəbuluna start verilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) iyunun 4-6-da keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işlərində yer alacaq könüllülərin qəbuluna başlayıb.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, Bakıda sayca 5-ci dəfə təşkil ediləcək Formula 1 yarışının könüllüsü olmaq istəyənlər http://volunteers.bakucitycircuit.com səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bu il Könüllülük Proqramına ümumilikdə 1500 nəfərin qəbulu nəzərdə tutulur. Tələbatın çoxluğu səbəbindən qeydiyyat prosesinin qısa müddətdə başa çatacağı gözlənilir. Bir sıra yeniliklərin nəzərdə tutulduğu builki qəbul zamanı yarışın könüllüsü olmaq istəyən bütün namizədlərin elektron müraciət zamanı doldurduqları anketlər ətraflı dəyərləndiriləcək və yalnız tələblərə tam cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.

Koronavirus pandemiyası ilə əlaqədar keçən il baş tutmayan yarışın Könüllülük Proqramına qoşulmuş, müsahibə və təlimlərdə iştirak etmiş bütün namizədlər də builki yarışda könüllü olmaq üçün yenidən qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, Könüllülük Proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini bilmək və bu işdə həvəsli olmaq tələb edilir. Proqrama marağın hər il artması və həmçinin yerlərin məhdudluğu səbəbindən seçim zamanı ən yüksək göstəricilərə malik namizədlərə üstünlük veriləcək.

Seçim prosesinin bütün mərhələlərindən uğurla keçərək yarışın könüllüsü adına yiyələnənlər insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcəklər.