Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb

İyunun 6-da Bakıda Formula 1 üzrə dünya çempionatının altıncı mərhələsi – Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, pilotların təqdimatından sonra iyunun 6-da dünyasını dəyişmiş ərəb əsilli fransalı iş adamı, Formula 1 üzrə dünya çempionatında komandası olan idman avtomobilləri istehsalçısı “McLaren” şirkətinin sərmayədarı Mansour Ojjehin xatirəsi yad edilib.

Sonra mötəbər yarışın xüsusi konsepsiya əsasında hazırlanan açılış mərasimi olub. Açılış mərasiminin əsas konsepsiyası Azərbaycan Qran-Prisinin builki çempionatın beşinci yarışı olmasına, eləcə də multikulturalizm və tolerantlıq ideyalarına əsaslanıb.

Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini Vətən müharibəsi qazisi Atəş Qarayev və “Eurovision-2012” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səbinə Babayeva səsləndiriblər. Himn səsləndirilən zaman trek üzərində dayanan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutublar. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” formasında dayanıblar.

Azərbaycan Respublikasının Dövlət Himninin bu mərasim üçün xüsusi versiyası tanınmış bəstəkar və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb. Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunub.

Daha sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. Qran-Pridə hər birində iki pilot olan on komanda mübarizə aparıb. Pilotlar uzunluğu 6 kilometr, yürüş marşrutunun ümumi məsafəsi isə 306 kilometr olan Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vurublar.

Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Maraqlı hadisələrin baş verdiyi və gərgin idman mübarizəsinin yaşandığı Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. O, Bakı şəhər halqasında 51 dövrəni hamıdan tez (1:44.703) başa vuraraq podiumda birinci pillənin sahibi olub. İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.

Qaliblərin mükafatlandırılması mərasimində podiumda yer alan pilotlara və Qran-Prinin qalibi olan “Red Bull Racing Honda” komandasının nümayəndəsinə kuboklar təqdim edilib.

Qalib idmançının və komandanın şərəfinə Meksikanın və Avstriyanın dövlət himnləri səsləndirilib.

Beləliklə, bu qələbə sayəsində Serxio Peres Formula 1 üzrə dünya çempionatında pilotların mübarizəsində iki pillə irəliləyək 69 xalla üçüncü sırada qərarlaşıb.

Ümumilikdə altı Qran-Pridən sonra çempionata 105 xalla “Red Bull Racing Honda” komandasının niderlandlı pilotu Maks Ferstappen liderlik edir. Bəhreyn (26-28 mart), Portuqaliya (30 mart-2 may) və İspaniya (7-9 may) Qran-prilərinin qalibi olan M.Ferstappen aprelin 16-18-də keçirilmiş İtaliya və mayın 20-23-də təşkil olunan Monako Qran-prilərində ikinci yeri tutub.

“Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton 101 xalla ikincidir. Onun həmyerlisi, “McLaren” komandasının pilotu Lando Norris (66 xal) dördüncü, “Ferrari”nin Monakodan olan pilotu Şarl Lekler (52 xal) isə beşinci sırada yer alıblar. Azərbaycan Qran-Prisində podiumda üçüncü pillədə yer alan Pyer Qasli 31 xalla səkkizinci sırada qərarlaşıb. Bakı yarışında üçüncü olan Sebastian Fettel isə 28 xalla 9-cu sıradadır.

“Red Bull Racing Honda” komandası Bakı Qran-Prisində qələbə sayəsində ikinci sıradakı “Mercedes” ilə xal fərqini 26-ya çatdırıb. Hazırda bu komandanın 174 xalı var. “Ferrari” isə 94 xalla üçüncü sırada qərarlaşıb. “McLaren” komandası 92 xalla dördüncü, “AlphaTauri Honda” isə 39 xalla beşincidir.

Bu Qran-Pridə “Mercedes” komandasının pilotları xal qazana bilməyiblər. Belə ki, Valtteri Bottas yarışı 12-ci, Luis Hamilton isə 16-cı pillədə başa vurublar. Beləliklə, 2018-ci ildə Avstriya Qran-Prisindən sonra ilk dəfə bu komanda yarışda xal qazanmayıb.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə iyunun 4-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə mübarizə aparıblar. Ötən gün isə Formula 1 pilotları üçüncü sərbəst yürüş və sıralanma turunda mübarizə aparıblar. Sıralanma yürüşündən sonra Formula 1 Azərbaycan Qran-Prisində pilotların düzülüşü müəyyənləşib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda 2016-cı ildən keçirilib. Birinci yarışda – Formula 1 Avropa Qran-Prisində “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının avstraliyalı pilotu Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb. Ondan bir il sonra isə “Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton Bakı şəhər halqasını fəth edib. 2019-cu ildə Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pri olan Bakı yarışında “Mercedes” komandasının pilotu Valtteri Bottas qalib adını qazanıb. Ötən il koronavirus pandemiyası ilə əlaqədar Formula 1 üzrə dünya çempionatının bir neçə mərhələsi, o cümlədən Azərbaycan Qran-Prisi ləğv edilib.

Formula 1 üzrə dünya çempionatının növbəti – yeddinci Qran-Prisi iyunun 18-20-də Fransada keçiriləcək. Çempionatın sonuncu – 23-cü Qran-Prisi isə dekabrın 10-12-də Abu-Dabidə təşkil olunacaq.