FHN-in Türkiyəyə yollanan növbəti yanğın-xilasetmə qrupu Türkiyə respublikasının sərhədinə çatıb

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu avqustun 6-da saat 16 radələrində Gürcüstan-Türkiyə dövlət sərhədinə çatıb.

AZƏRTAC xəbər verir ki, Sarp sərhəd-keçid məntəqəsinin əməkdaşları yanğın-xilasetmə qrupunun üzvlərini böyük coşğu ilə qarşılaşıblar.

Avqustun 5-də səhər saatlarında Bakıdan yola düşən yanğın-xilasetmə qrupunun tərkibinə 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Qrupla birlikdə media nümayəndələri də Türkiyəyə səfərdə iştirak edirlər. Ötən gün səhər FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi də Bakıdan Türkiyəyə yola düşüb.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. Xüsusilə havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlərimiz mətinliklə mübarizə aparırlar.

İyulun 31-də FHN-in 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.

FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.