Faiq Qarayevin idmanın inkişafındakı xidmətlərinə görə təltif edilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayevin
ölkədə idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının
Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, 2-ci dərəcəli Əmək ordeni ilə təltif edilməsi ilə bağlı tədbir keçirilib.

Bakı Voleybol Mərkəzində təşkil olunan
mərasimdə AVF-nin rəhbərliyi, həmçinin müxtəlif voleybol klublarının rəsmiləri
iştirak ediblər.
Tədbiri AVF-nin prezidenti, “Azərbaycan Dəmir Yolları QSC-nin sədri,
Azərbaycan Voleybol Federasiyasının prezidenti, millət vəkili Cavid Qurbanov
açıq elan edib. O, Faiq Qarayevin karyerasından söz açaraq bildirib ki, təcrübəli
mütəxəssis bütün həyatını voleybola həsr edib. Federasiya rəhbəri voleybola
gəlişində məhz F. Qarayevin rolunun olduğunu da söyləyib.
Yay Olimpiya Oyunları istisna olunmaqla, bütün mötəbər yarışlarda
komandalarımızın iştirakından danışan C. Qurbanov Faiq Qarayevin Azərbaycan
Prezidentinin təşəbbüsü ilə Türkiyədən vətənə dönməsini də xatırladıb: “O,
Əməkdar məşqçidir. Həmçinin cənab Prezident tərəfindən Tərəqqi və Şöhrət
ordenlərinə layiq görülüb. İndi isə Əmək ordeni ilə təltif edilib
Sərəncam oxunduqdan sonra Cavid Qurbanov Faiq Qarayevə ordeni təqdim edib.
Ardınca çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz
Hüseynzadə F. Qarayev haqda danışıb. O, yığmanın sabiq baş məşqçisinin bütün
dünyada tanındığını xüsusi vurğulayıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da F.Qarayevi nazir Azad
Rəhimovun adından təbrik edib, onun karyerasından, uğurlarından söhbət açıb.
Daha sonra kişilərdən ibarət milli komandanın baş məşqçisi Fərid Cəlalov və AVF-
nin mətbuat katibi, veteran voleybolçu Şəfəq Kərimova F.Qarayevin Azərbaycan
voleybolundakı rolundan danışıb, onun bu sahədə işini yüksək qiymətləndiriblər.
Hər şeyə görə təşəkkür edən Faiq Qarayev öncə cənab Prezident İlham Əliyevə
minnətdarlıq edib. O qeyd edib ki, ölkə başçısının ona telefon açması həyatında
böyük hadisədir. Vitse-prezident bu danışıqdan sonra özündə xüsusi güc hiss
etdiyini, daha çox çalışmaq istədiyini də deyib.
O, Cavid Qurbanovun da Azərbaycan voleybolunda rolundan danışıb. F. Qarayev
hazırda yeni nəslin yetişdiyini və tezliklə bu diqqətin bəhrəsini görəcəklərini
söyləyib.
Tədbirdə AVF-in Rəyasət Heyətinin adından qurumda işləyən və Azərbaycan
voleybolunda xidmətləri olan Oqtay Musayev, Rafiq Rəsulov, Zöhrab Gözəlbəyli,
Nərgiz İsmayılova və Nona İsmayılovaya yubileyləri münasibəti ilə xüsusi
diplomla və mükafatlar verilib.

ƏvvəlkiPrezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
NövbətiMN: Düşmən atəşkəs rejimini 20 dəfə pozub