Əmək pensiyaları indeksləşdirilir

Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

– orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

– istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq olunur.

ƏvvəlkiFövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
NövbətiTürkiyənin “Eczacıbaşı Holding” şirkətlər qrupunun Azərbaycanda potensial fəaliyyəti müzakirə olunub