Elmar Məmmədyarov BMT-nin Ali Komissarı ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov  BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet ilə görüş keçirib.

XİN-dən ONA-ya verilən məlumata görə, görüş zamanı tərəflər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Elmar Məmmədyarov Ali Komissar Mişel Başeletə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarından zorla didərgin salınaraq məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladıb, fundamental haqları pozulan məcburi köçkünlərin insan hüquqlarının bərpa olunmasının vacibliyini vurğulayıb. Bu xüsusda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən konkret tədbirlərin və prinsipial mövqeyin nümayiş etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq gündəlikdə duran bəzi məsələlər üzrə müzakirələr aparılıb.

Ali Komissar Mişel Başelet BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarın Ofisinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı ötən il Azərbaycan tərəfindən verilmiş könüllü ianələrə görə nazir Elmar Məmmədyarova minnətdarlığını ifadə edib.