Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir

Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən havaya atılan tüstü axını və qoxuya görə bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) obyekt sahiblərinə etdiyi xəbərdarlığın müddəti artıq başa çatıb.

Bunu Türk.az-a açıqlamasında ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb:

“Görülən tədbirlərdən sonra eyni vəziyyət davam edərsə, nazirlik həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlar müraciət edəcək”.

İ.İbrahimova xatırladıb ki, İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslərin 3500-4500, hüquqi şəxslərin 20000-25000 manat məbləğində cərimə oluması nəzərdə tutulur.