Yanvarın 11-dən 12-dək Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) 16-cı Assambleyası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “İnsanlığı gücləndirmək: bərpaolunan enerji ilə paylaşılan rifah” şüarı ilə keçiriləcək tədbirdə təşkilata üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri, dövlət və hökumət başçıları və enerji sahəsində qərarverici şəxslər iştirak edəcəklər.
Sessiyalarda dünya üzrə bərpaolunan enerjiyə keçidin sürətləndirilməsinə dair strategiyalar müzakirə ediləcək, iqtisadi inkluzivlik, bərabərlik və insan rifahının təmini üçün vacib tədbirlər vurğulanacaq.
Assambleya çərçivəsində, həmçinin IRENA-nın “BƏƏ Konsensusu üzrə hədəflərin yerinə yetirilməsi: bərpaolunan enerji gücünün üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üzrə irəliləyişin monitorinqi” adlı ikinci hesabatı təqdim olunacaq.
Assambleya çərçivəsində nazirlər iclası və digər yüksək səviyyəli sessiyalar təşkil ediləcək. Bu sessiyalarda bərpaolunan enerjinin kənd təsərrüfatı və qida sistemlərində potensial tətbiqi, geotermal enerjinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması, enerji keçidinin maliyyə baxımından səmərəliliyi və kritik materiallarla bağlı mövzulara diqqət yetiriləcək.
Qeyd edək ki, təşkilatın 171 üzvü (170 dövlət və Avropa İttifaqı) vardır.
IRENA dayanıqlı inkişaf, enerjiyə çıxış, enerji təhlükəsizliyi və aşağı karbon emissiyalı iqtisadi artım və rifah hədəflərini rəhbər tutaraq bioenerji, geotermal, hidroenergetika, okean, Günəş və külək enerjisi də daxil olmaqla bərpaolunan enerjinin bütün növlərinin geniş yayılmasını və davamlı istifadəsini təşviq edir.
Azərbaycan 2009-cu ildən IRENA-nın üzvlüyünə qəbul edilib və 2014-cü il mayın 2-də Milli Məclisin qərarı ilə IRENA-nın nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olub. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.























































