Düşmən kibermühitdə təxribatlarını davam etdirir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistanın Azərbaycandakı istifadəçilərin elektron poçt ünvanlarına “fişinq” hücumlarını qeydə alıb.

Belə ki, azərbaycanlı e-poçt istifadəçilərinə guya Azərbaycan hakerləri tərəfindən düşmənə aid sənədlərin ələ keçirildiyini bildirən elektron məktublar yollanılır və əlavə olaraq giriş üçün təhlükəli keçid qeyd olunur. Keçidə daxil olduqda e-poçt hesabının istifadəçi adı və parolu istənilir.

Həmin saxta və təhlükəli məktuba cavab olaraq məlumatlar təqdim edən hər bir poçt sahibinin şəxsi məlumatları bu keçid vasitəsilə təxribatçıların əlinə keçir. Məqsəd istifadəçilərimizin fərdi məlumatlarını ələ keçirmək və təxribatçılıq əməllərini daha təhlükəli formada davam etdirməkdir.

“Vətəndaşlardan bir daha xahiş edirik ki, hazırkı dövrdə xüsusilə ayıq davransınlar, hər məlumata etimad etməsinlər, hər hansı şübhəli keçidə daxil olmasınlar, hər hansı faylı və ya tətbiqi yükləməsinlər.

Yanlışlıqla “fişinq” keçidlərə daxil olduqda fərdi məlumatları təqdim etməmək, dərhal cihazınızı şəbəkədən ayırın, antivirus və oxşar proqramlarla skan edin, hesablarınızın şifrləri dəyişmək, məlumatları ehtiyat nüsxəsini saxlamaq və baş verən insident barədə www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verməyinizi xahiş edirik”, – deyə nazirlik bəyan edib.