Dünyada baş verən proseslər bizi daha sıx birləşməyə çağırır

44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olan və öz dəstəyini əsirgəməyən bütün türk dövlətlərinə təşəkkürümüzü bildiririk. Dünyada baş verən proseslər bizi daha sıx birləşməyə çağırır. Müasir qloballaşmanın mənfi təsirlərindən qorunmaq üçün bu, çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov martın 31-də TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclasında söyləyib.

TÜRKSOY mükafatının təsis edilməsinin əhəmiyyətini vurğulayan nazir bu mükafatın Qarabağ həqiqətlərini dünyaya çatdıran jurnalistlərə təqdim olunduğunu bildirib.

“Mədəniyyət paytaxtı” layihəsinin türk dünyasının mədəni irsinin qorunması istiqamətində önəmini qeyd edən A.Kərimov Bursa şəhərinin bu işə öz töhfəsini verəcəyini bildirib.

TÜRKSOY-un həyata keçirdiyi mühüm layihələrdən və tədbirlərdən danışan Azərbaycanın mədəniyyət naziri türk rəssamların sərgilərinin, teatr tamaşalarının, festivalların, dahi şəxsiyyətlərin yubileylərinin təşkilinin əhəmiyyətini vurğulayıb.

Anar Kərimov bu tədbirin türk dünyasının mədəni irsinin qorunması, əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.