Dünya Seriyasında çıxış edəcək Azərbaycan güləşçiləri açıqlanıb

Çimərlik güləşi üzrə Azərbaycan milli komandasının Türkiyənin Sarıgerme qəsəbəsində keçiriləcək Dünya Seriyasının ilk mərhələsi üçün heyəti açıqlanıb.

“Report” xəbər verir ki, 28-29 mayda təşkil olunacaq yarışda 4 çəki dərəcəsi üzrə 5 idmançı mübarizə aparacaq. Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Rübail İbrahimli, Ramiz Həsənov (hər ikisi 70 kq), Omid Kamaliagdam (80 kq), İbrahim Yusubov (90 kq) və Camal Feyziyev (+90 kq) qüvvəsini sınayacaq.

Reqlamentə əsasən, iştirakçılar əvvəlcə qrup mərhələsində yarışacaqlar. Daha sonra yarımfinal və final görüşləri olacaq. Qarşılaşmalar hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Qeyd edək ki, Dünya Seriyasının ilk mərhələsində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq.