Dünya Səhiyyə Təşkilatı insanların əsas ölüm səbəbini açıqlayıb

Alkoqollu içkilərin qəbulu dünyada insan ölümlərinin əsas səbəbidir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının mütəxəssislərinin gəldiyi nəticəyə görə, planetimizdə hər 20 ölüm faktının biri nəqliyyat vasitəsini sərxoş halda idarəetmə və ya spirtli içki istifadəsindən yaranan xəstəliklər nəticəsində baş verir. Bu səbəbdən qeydə alınan ölüm hallarının 75 faizi kişilərin payına düşür.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda dünya üzrə 237 milyon kişi və 46 milyon qadın alkoqol qəbulundan yaranan xəstəliklərdən əziyyət çəkir.

Ekspertlərin məlumatına əsasən, spirtli içkilərdən ən çox avropalılar istifadə edirlər.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının baş direktoru alkoqoldan istifadəni azaltmaq üçün ölkələri bu növ məhsullara əlavə vergi tətbiq etməyə və onların reklamını məhdudlaşdırmağa çağırıb.