Dövlət Xidmətində İctimai Şuranın üzvləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

“Report” xəbər verir ki, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli İctimai Şura ilə əməkdaşlıq barədə fikirlərini bölüşüb, Xidmətin antiinhisar qanunvericiliyinin tətbiqi, istehlakçı hüquqlarının müdafiəsi, dövlət satınalmaları və digər sahələrdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Görüşdə İctimai Şuranın səmərəli fəaliyyətinin qərarların qəbulu zamanı ictimai rəy və vətəndaş maraqlarının təmin olunmasında, şəffaflığın daha da artırılmasında əhəmiyyəti vurğulanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri, professor Ədalət Muradov cəmiyyətlə sağlam dialoqun genişləndirilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin gücləndirilməsi baxımından görüşün faydalı olacağını qeyd edib.

Görüşdə vətəndaş cəmiyyəti institutları-İctimai Şura-Dövlət Xidməti arasında kommunikasiyanın təşkili barədə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, Dövlət Xidməti ilə İctimai Şura arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.