Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün 1400-dək namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə iyunun 20-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyunun 10-u saat 16:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq. Bu gün saat 10:20-yə olan məlumata görə, imtahanda iştirak etmək üçün 1316 namizəd (BA – 391, BB – 925) qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.