Dövlət Gömrük Komitəsi GUAM ölkələrinə blokçeyn texnologiyasından birgə istifadəni təklif edib

Dövlət Gömrük Komitəsi GUAM ölkələrində gömrük prosedurları üçün tələb olunan sənədləri blokçeyn texnologiyası vasitəsilə paylaşmağı təklif edib.

Bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

O bildirib ki, bu ilin iyununda Dövlət Gömrük Komitəsi və “IBM” şirkəti arasında blokçeyn texnologiyası əsasında fəaliyyət göstərən “Tradelens” Platformasına qoşulma barədə Saziş imzalanıb: “Artıq Dövlət Gömrük Komitəsi “Tradelens” Platforması ilə real rejimdə bağlantı qurub. Hazırda test rejimində konteynerlərin izlənilməsi, daşınan mallar haqqında məlumatların və sənədlərin təhlili aparılır. Məlumatların eyniləşdirilməsi prosesi başa çatdıqdan sonra “Tradelens” sisteminin müvafiq servisləri Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiya olunacaq”.

“Gürcüstan ilə məlumatların blokçeyn texnologiyası istifadə olunmaqla paylaşılması iki fərqli platforma üzərindən pilot proqramda tətbiq edilib. “Ethereum” və “Hayperledcer” blokçeyn şəbəkəsində bəzi məlumatların paylaşılması test üsulunda uğurla başa çatdırılıb”, – deyə İ.Hüseynov bildirib.