DİN şirkət rəhbərinin evinə maskalıların girməsi iddiasına münasibət bildirib

Hüquq müdafiəçisi Rüfət Səfərov canlı yayımda bu gün prospekti bağlayan “R Group Azerbaijan” MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə “qara maskalılar”ın girdiyini iddia edib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq hüquq müdafiəçisinin iddialarına cavab verib:

“Bunlar hamısı əsassızdır. Onun evinə, ofisinə heç bir “qara maskalı”, naməlum şəxs girməyib. Sürücü Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov minlərlə insanın işə gecikməsinə səbəb olan oğluna bəraət qazandırmaq istəyir.

R.Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

DİN sözçüsü təəssüflə vurğulayıb ki, bəzi şəxslər sürücülərin bu hərəkətindən özlərinin siyasi məqsədləri üçün istifadə etməyə cəhd edirlər:

“Halbuki ortada konkret qanun pozuntusu var. Ona görə də həmin cəhdlər bəribaşdan iflasa uğrayıb”.