DİN-dən partlayıcı məmulatların satışını təşkil edənlərə xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı məmulatların satışını təşkil edən şəxslərə xəbərdarlıq edib.

DİN-in Mətbuat xidmətindən “Report”a daxil olan məlumatda deyilir:

“Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcəkdir”.