DİM-də növbəti SAT imtahanı keçirilib

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında SAT imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda ümumilikdə 70 nəfər iştirak edib. İştirakçılardan 1 nəfər əcnəbi olub.

Növbəti SAT imtahanlarının 2021-ci il dekabrın 4-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar.