Diasporumuzun təşkilatlanmasına, birlik və həmrəyliyə aparan tarixi yol

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra diasporumuzun təşkilatlanması və vahid ideya ətrafında birləşməsi istiqamətində davamlı addımlar atılıb. Bunun nəticəsidir ki, diasporumuz Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırılmasında yaxından iştirak edir, milli maraqların qorunması işində səmərəli fəaliyyət ortaya qoyur. Eyni zamanda, Vətən hər birimizin güvənc yeri, qürur mənbəyidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçərək dünyada öz sözü və yeri olan dövlətə çevrilib. Bu, xaricdə yaşayan soydaşlarımıza əlavə güc verir, uğurlarımızı daha da möhkəmləndirmək naminə səyləri artırmağa sövq edir. Xüsusən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdə, Qarabağın işğaldan azad edilməsində milli birliyimizin və həmrəyliyimizin rolu danılmazdır.

AZƏRTAC Azərbaycan diasporunun təşkilatlanmasına, birlik və həmrəyliyə aparan tarixi yola nəzər salır.

Milli diaspor hərəkatının inkişafı istiqamətində atılan önəmli addımlar

Bu gün müasir dünyanın çağırışları yeni diaspor strategiyasını zəruri etdiyindən 2018-ci ildə işlənib hazırlanan yeni “Strateji Yol Xəritəsi”nin icrası istiqamətində mühüm addımlar atılır.

Yeni strategiyaya uyğun olaraq ilk növbədə diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) rəsmi internet saytı yeni tərtibatda, üç dildə fəaliyyət göstərir, müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrə diqqət artırılır, xaricdəki azərbaycanlı uşaqlar üçün onlayn Azərbaycan dili dərsləri təşkil edilir.

“Azərbaycan alimləri diasporu” informasiya sistemində 500-dən çox azərbaycanlı alim haqqında informasiya yerləşdirilib, eyni zamanda, xaricdəki azərbaycanlıların bioqrafiya bankı – “www.azerbaycan.li” internet ünvanı qurulub. İlk dəfə olaraq Azərbaycan diasporunun infoqrafik xəritəsi (www.diasporamap.com) yaradılıb, burada 50 ölkədən 570 təşkilat haqqında informasiya yerləşdirilib. Həmçinin xaricdə ölkəmizin təbliğatını və sosial mediada işini gücləndirmək məqsədilə diaspor təşkilatlarına informasiya-kommunikasiya texnologiyaları sahəsində tam ödənişsiz texniki dəstək həyata keçirilir.

Diasporumuzun akademik səviyyəyə qaldırılması məqsədilə əsasən alimlər, iş adamları, yaşadıqları cəmiyyətin mədəniyyətinə, incəsənətinə töhfə vermiş soydaşlarımızla əməkdaşlığın qurulmasına və genişləndirilməsinə üstünlük verilir, xüsusən gənclərlə aparılan ideoloji fəaliyyət gücləndirilir. Belə ki, 2018 və 2019-cu illərdə 54 ölkədən 265 gəncin iştirakı ilə yay düşərgələri təşkil olunub. “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsi formalaşdırılıb və 2019-cu ildə Brüsseldə Qış Məktəbi keçirilib. “Liderliyin inkişafı proqramı”, “Beyin qazanma” layihələri çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı gənc soydaşlarımızın ölkəmizə səfəri təşkil olunub, dövlət qurumlarında, təhsil ocaqlarında görüşləri keçirilib. İşğaldan azad olunmuş bölgələrdə erməni vandalizmini öz gözləri ilə görmələri üçün “Diaspor Gəncləri 1+1” layihəsi çərçivəsində 9 fərqli ölkədən 18 iştirakçının (9-u əcnəbi olmaqla) Azərbaycana səfəri təşkil olunub. Bu ilin martında Köln şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin I forumu baş tutub. Forumda Almaniyanın 34 şəhərində fəaliyyət göstərən 150-dən çox elm xadimi və həkim iştirak edib. Həmçinin Türkiyədə çalışan və tibb təhsili alan azərbaycanlı həkimlərin 2019-cu ildə Ankara forumu keçirilib.

Dövlətimizin diaspor siyasətinin həyata keçirilməsinə, diaspor təşkilatlarının fəaliyyətinə və soydaşlarımıza müxtəlif sahələrdə dəstək göstərilməsi məqsədilə DİDK Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə digər xalqların diasporunu da cəlb etmək məqsədilə Türkiyə, Rumıniya, Qazaxıstanın müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıb.

Diaspor fəaliyyəti istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlar dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirib. “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması ilə bağlı qanun qəbul edilib. “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” Nazirlər Kabinetinin 2020-ci il 4 oktyabr tarixli qərarı ilə təsdiqlənib. Hazırda “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi işlənilir. Layihə digər dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Ulu öndər Heydər Əliyevin diaspor quruculuğunda xidmətləri

Ulu öndər Heydər Əliyev “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamı ilə milli diaspor quruculuğunun təməlini qoydu. Tarixi əhəmiyyətə malik bu Sərəncama əsasən həmin il noyabr ayının 9-10-da Bakı şəhərində dünya azərbaycanlılarının ilk qurultayı keçirildi. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirildi. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak edirdi. Onların arasında ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətlərin təmsilçiləri var idi.

Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına ciddi təsir göstərdi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı dillər əzbəri oldu.

2002-ci il 5 iyul tarixli Fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi.

Ulu öndər Heydər Əliyevin diaspor quruculuğunda xidmətlərindən biri də xaricə səfərləri zamanı həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirməsi, onların problem və qayğıları ilə yaxından maraqlanması, tövsiyələrini verməsi olub. Bu görüşlər və müzakirələr diasporumuzun güclənməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.

Azərbaycan diasporunun inkişafında, birlik və həmrəylik yolunda yeni mərhələ

Azərbaycan diasporu bu gün öz inkişafının birlik və həmrəyliyinin yeni, ən yüksək mərhələsini yaşayır. Bu, ilk növbədə, Ulu Öndərimizin diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və zənginləşdirilməsi sayəsində mümkün olub. Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış Sərəncama uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu.

Bir il sonra – 2007-ci il martın 9-da Bakı daha bir mühüm tədbirə – Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumuna ev sahibliyi etdi. Bu Forum bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü.

Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. Həmin il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi.

Beləliklə, dövlətimizin düşünülmüş diaspor siyasəti nəticəsində xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoydu. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayırlar, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində yüksək fəallıq göstərir, eyni zamanda, təcavüzkar erməni dairələrinin siyasi, ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.

Ötən dövrdə diasporumuzun gənc üzvləri ilə də geniş iş aparılıb, onların diaspor hərəkatına yaxından cəlb olunması üçün təsirli tədbirlər görülüb. Bu sırada 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresini xüsusi qeyd etmək olar. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan gəncliyi Dövlət Proqramına uyğun olaraq keçirilən bu tədbirdə 25 ölkədən azərbaycanlı gənclər, 41 diaspor təşkilatının rəhbərləri iştirak ediblər. Konqres xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması yönündə daha bir mühüm addım olub.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları Bakıya gəldilər. 42 ölkədən 1272 nümayəndənin, 579 təmsilçinin və 211 qonağın iştirak etdiyi qurultayda qəbul olunan bir sıra qərarlar diasporumuzun möhkəmləndirilməsi, soydaşlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsi işinə öz töhfəsini verdi.

Dünya Azərbaycanlılarının 2016-cı il iyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən sonuncu – IV Qurultayının qonaqları arasında Azərbaycana dost münasibəti ilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var idi. Bu, tədbirə xüsusi ahəng verməklə onun təsir qüvvəsini daha da artırmış oldu.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimindəki çıxışında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyindən və bu sahədə diaspor təşkilatlarının üzərinə düşən vəzifələrdən danışaraq deyib: “Azərbaycan həqiqətləri haqqında, əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük. Müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporu uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya aparır”.

Dövlətimizin başçısının bu səpkidən olan mütəmadi müraciətləri Azərbaycan diasporunun üzvlərini daha çox fəallıq göstərməyə, düşmənlə informasiya savaşında mübariz olmağa ruhlandırıb. İndi ölkəmiz öz tarixinin ən güclü, ən şərəfli dövrünü yaşayır. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır. Ona görə də harada yaşamasından asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlər hər birimizin düşüncəsinə hakim kəsilməlidir. Dinamik inkişaf edən Azərbaycan bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz də öz növbəsində azərbaycançılıq amalı ətrafında daha sıx birləşir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsəd naminə səfərbər edirlər.

Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanına əsasən yaradılan Azərbaycan Diasporuna Dəstək Fondu diaspor ənənələrimizin inkişafı istiqamətində daha möhkəm təməl formalaşdırıb.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdə “Qarabağ” Azərbaycan məktəblərinin təsis olunması, bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşağın ana dilində təhsil alması da Birinci vitse-prezidentin diaspor fəaliyyətinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi barədə qərar tarixi əhəmiyyət daşıyır

Diasporumuz Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında özünəməxsus fəaliyyət göstərib. Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi bu fəaliyyətin yalnız bir hissəsidir.

Dünya Azərbaycanlılarının Qurultayı hazırda xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir hesab olunur.

Bu baxımdan Dünya Azərbaycanlılarının V Qurultayının azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq dövrünə təsadüfi etməsi, xüsusən Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada keçirilməsi barədə qərarın tarixi əhəmiyyəti və rəmzi mənası var. Onu həm də Zəfər Qurultayı adlandırmaq olar. “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin aparılacağı Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultaya təşrif buyuracaq hər bir azərbaycanlı qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşayacaq.

Günümüzün bu tarixi reallığı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin, liderliyinin, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsinin, düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir.