Yanvarın 26-da Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç həyata keçirilib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hər iki kəndə, ümumilikdə, 100 nəfərdən ibarət 25 ailə köçürülüb. Onlardan 10 ailə Seyidbəyli, 15 ailə isə Badara kəndində daimi məskunlaşıb.
Bu münasibətlə keçirilən mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Sakinlərə yeni evlərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, onları doğma ata-baba yurduna qayıdış münasibətilə təbrik edib. Bildirib ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu daim diqqət mərkəzində saxlanılır, onlar üçün həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də zəruri şərait mövcuddur.
Mərasimdən sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.
Qeyd edək ki, hazırda Badara və Seyidbəyli kəndlərində sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kəndlərdə bütün kommunal xidmətlər- elektrik, qaz, su və rabitə bərpa olunub.






















































