Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə böyük ümidlər bəsləyirik

“Bütün bunlarla yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması xalqımızın qarşılaşdığı ən ağrılı problem olaraq qalmaqdadır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda vurğulayıb.

“Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır. Biz bu işdə ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik”, deyə Azərbaycan Prezidenti bildirib.