Cüdo üzrə Azərbaycan millisi Avropa çempionu olub

Azərbaycanın gənc oğlanlardan ibarət milli yığma komandası Praqada keçirilən gənclər arasında Avropa çempionatında medal sıralamasına görə 39 ölkə arasında birinci olub.

AZƏRTAC xəbər verir ki, sentyabrın 15-17-də Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında fərdi yarışlara yekun vurulub.

Fərdi yarışların sonuncu günündə idmançılarımız 1 qızıl və 1 bürünc medal əldə edib. -90 kiloqram çəkidə yarışan cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz İsmayıl Zamanov üçüncü yer uğrunda mübarizədə macarıstanlı idmançı Peter Safranini üstələyərək bürünc medala yiyələnib. -100 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz Ruslan Nəsirli yarışı 5-ci yerdə tamamlayıb.

Xatırladaq ki, çempionatın ilk günündə -60 kiloqram çəkidə Turan Bayramov gümüş medal, ikinci günündə isə -73 kiloqram çəkidə Vüsal Qələndərzadə və -90 kiloqram çəkidə Elcan Hacıyev qızıl medal qazanıb.

Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 3 qızıl, 1 gümüş, və 1 bürünc medal qazanaraq oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerə çıxıb.

Sabah qitə birinciliyində qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisinin ilk görüşdə rəqibi Avstriya yığması olacaq.