Çin ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

Çin Müdafiə Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri fonunda ordunun yüksək hazırlıq vəziyyətində olacağını bildirib.

Trend xəbər verir ki, bunu “CGTN” telekanalına Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, baş polkovnik U Tsyan deyib.

“Çin Xalq Azadlıq Ordusu döyüş hazırlığı vəziyyətində olacaq, bir sıra məqsədyönlü hərbi əməliyyatlar keçirəcək və çəkindirici tədbirlər görəcək, dövlətin suverenliyini və təhlükəsizliyini qətiyyətlə qoruyacaq, xarici müdaxilə cəhdlərini və Tayvanın müstəqilliyi üçün planları darmadağın edəcək”, – deyə o bildirib.

Rəsmi nümayəndə vurğulayıb ki, Çin əks tədbir olaraq bir sıra hərbi əməliyyatlara başlayacaq və milli suverenliyi və ərazi bütövlüyünü qorumaqda qərarlıdır.

O qeyd edib ki, Tayvan hakimiyyətinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərini qəbul etməyə razılığı qaçılmaz olaraq son dərəcə ciddi nəticələrə gətirib çıxaracaq.

Onun sözlərinə görə, ABŞ-ın hərəkətləri Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə yanlış mesaj verir. “ABŞ-ın hərəkətləri Tayvanın müstəqilliyi tərəfdarı olan separatçı qüvvələrə böyük yalan siqnal göndərərək, Tayvan boğazında gərginliyi daha da artırdı”, – deyə U Tsyan bildirib.