Çin Avropa Parlamentinin üzvlərini “qara siyahı”ya saldı

Çin Xalq Respublikası Sinszyan-Uyğur muxtar vilayəti ilə bağlı Avropa İttifaqının parlamentarilərinə, alim və siyasətçilərinə, dörd hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.

“Report”un məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd olunub ki, rəsmi Pekin bu şəxsləri Çinin daxili işlərinə qarışdığı üçün “qara siyahı”ya salıb.

Siyahıda Avropa Parlamentinin beş üzvü – Raynhard Butikofer, Mixael Qaler, Rafael Qlyuksmann, İlhan Küçük, Miriam Leksman da var.

Eyni zamanda niderlandlı parlamentar Syord Syordsma, Belçika parlamentinin üzvü Samuel Koqolati, Litva seyminin üzvü Dovil Şakalene, almaniyalı alim Adrian Çenç və isveçli tədqiqatçı Born Erdenin də adı Çinin sanksiya siyahısına düşüb.

Rəsmi Pekin bildirib ki, Aİ insan hüquqları ilə bağlı ikili standartlara son qoymasa, sanksiyalar davam edəcək.