Ceyhun Bayramov kubalı həmkarı ilə telefon danışı aparıb

19 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən nazirlər əlaqələrimizin bundan sonra da dinamik şəkildə inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıblar. Azərbaycan-Kuba hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının önəmini diqqətə çatdıran tərəflər iqtisadiyyat, sərmayələr, turizm və səhiyyə sahələrində əməkdaşlığın vacib olduğunu bildiriblər. Pandemiya dövründə ölkələrimiz arasında əməkdaşlıq, bu xüsusda həyata keçirilən qarşılıqlı yardımlar xatırlanıb.

Xarici işlər nazirləri ölkələrimizin liderləri, xalqları və hökumətləri arasında tarixi və mədəni əlaqələrin mövcud olduğunu, hal-hazırda yüksək səviyyəli siyasi dialoqun və ikitərəfli yüksək səviyyəli rəsmi səfərlərin əhəmiyyətini qeyd ediblər. Tərəflər bununla yanaşı, çoxtərəfli platformalarda, Qoşulmama Hərəkatı çərçivəsində daha fəal əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Azərbaycanın Kubada səfirliyinin açılmasının və ilk dəfə olaraq ölkəmizin səfirinin təyin olunmasının münasibətlərin inkişafına daha da töhfə verəcəyinə ümid ifadə olunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.