Çexiyada kriptovalyuta bazarında kəskin artım qeydə alınıb, illik dövriyyə 640 milyon avroya çatıb

2025-ci ildə Çexiyada kriptovalyuta ticarəti əhəmiyyətli dərəcədə fəallaşıb. Yerli birjalarda aparılan əməliyyatların ümumi həcmi demək olar ki, iki dəfə artaraq 15,5 milyard krona, yəni 640,6 milyon avroya çatıb.

AZƏRTAC Çexiya mediasına istinadla xəbər verir ki, bu göstəricilər bazar iştirakçılarının özlərinin verdiyi məlumatlar əsasında mətbuatda dərc olunub.

“Bit.plus” birjasının rəhbəri Martin Stranski bildirib ki, ötən il bitkoin üçün son dərəcə dəyişkən olub. Kriptovalyuta ilə ticarət ilin əvvəlində təxminən 100 min dollar səviyyəsində başlayıb, bir neçə dəfə 110 min dollar həddini keçib, payız aylarında isə 124 min dolları ötərək yeni tarixi maksimum müəyyən edib. Bundan sonra bazar korreksiya mərhələsinə daxil olub və qiymət təxminən 93,5 min dollara enib.

“Wood & Company Blockchain+” analitiki Tomaş Kalabisin sözlərinə görə, rəqəmsal aktivlər artıq ənənəvi maliyyə sistemində möhkəm mövqe tutub. İnstitusional investisiyaların artması, kütləvi investisiya məhsullarının meydana çıxması və daha aydın tənzimləmə mexanizmləri bazara etimadı gücləndirib. Onun qiymətləndirməsinə əsasən, kriptosənayenin uzunmüddətli perspektivləri müsbət olaraq qalır.

ƏvvəlkiQazaxıstan “Aktau Dəniz Limanı” xüsusi iqtisadi zonasının ərazisini genişləndirir
NövbətiLeyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub