CAR-da bir gecədə üç barda 21 nəfər öldürülüb

Cənubi Afrika Respublikasında barlarda baş verən üç ayrı atışmada azı 21 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Yohannesburq şəhərində gecə yarısından dərhal sonra naməlum şəxslər tərəfindən barda 15 nəfər öldürülüb. Daha 8 nəfər çoxsaylı güllə yaraları ilə xəstəxanadadır, onlardan üçünün vəziyyəti ağırdır.

Ölkənin cənub-şərqində, KvaZulu-Natal əyalətinin paytaxtı Pietermaritzburqda yerləşən barların birində 4 nəfər həlak olub, daha səkkiz nəfər xəstəxanada ağır vəziyyətdədir.

Yohannesburqdan 28 kilometr cənubda yerləşən Katlexonq şəhərində isə barda atışma nəticəsində iki nəfər həlak olub. Daha dörd nəfər yaralanıb.