Bu gündən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə başlanılır

“Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqində məqsəd qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılmasıdır.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov deyib.

Onun sözlərinə görə, “Yaşıl dəhliz” buraxılış sistemi ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması və könüllü riayət prinsipinin formalaşmasında vacib rol oynayır.

“Bununla bağlı Gömrük Komitəsinin rəsmiləri sahibkarlar üçün mütəmadi maarifləndirici tədbirlər və seminarlar keçirib. Sahibkarlar “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulması, dayandırılması, ləğvi və bərpası qaydaları, gömrük orqanlarına elektron qısa idxal bəyannaməsinin təqdim edilməsi barədə məlumatlandırıb. Həmçinin müvafiq fərmanda öz əksini tapan müddəalar və bəndlərin müzakirəsi aparılıb. Həmin görüşlərdə “Yaşıl dəhliz” buraxılış sisteminə dair videoçarxlar nümayiş etdirilib, eyni zamanda, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb”, – deyə N.Axundov əlavə edib.

Bildirib ki, sözügedən sistemin daha aydın şəkildə mənimsənilməsi, asan və səmərəli tətbiqi üçün Dövlət Gömrük Komitəsində mütəxəssislərdən ibarət işçi qruplar fəaliyyət göstərir. Sahibkarlar onları maraqlandıran məsələlərlə bağlı 195/6 Çağrı Mərkəzinə və ya komitənin elektron poçt ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 21 dekabr tarixli Fərmanına əsasən “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunub.