Britaniyanın Baş naziri postuna seçkilərin birinci turu keçirilib

Bu gün Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri və Baş naziri postuna seçkilərin birinci turu keçirilib.

AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, seçkinin nəticəsinə əsasən, Britaniya XİN-in sabiq başçısı Ceremi Hant və hazırkı maliyyə naziri Nadim Zahavi mübarizədən kənarlaşıb. Zahavi mühafizəkar deputatların 25 səsini, Hant isə cəmi 18 səsini ala bilib. Mübarizəni davam etdirmək üçün onlara azı 30 səs lazım gəlirdi.

Beləliklə, torinin rəhbəri və Baş nazir postu uğrunda mübarizəni altı namizəd – sabiq maliyyə naziri Rişi Sunak (88 səs), ticarət nazirinin müavini Penni Mordont (67 səs), xarici işlər naziri Liz Trass (50 səs), bərabərlik və özünüidarə məsələləri üzrə sabiq nazir Kemi Badenoh (40 səs), Britaniya parlamentinin xarici işlər komitəsinin rəhbəri Tom Tugendhat (37 səs), İngiltərə və Uelsin baş prokuroru Suella Braverman (32 səs) davam etdirəcəklər.

Mühafizəkarlar Partiyası iki namizəd qalanadək bir sıra səsvermələr keçirəcək. Bundan sonra partiya üzvləri öz liderini seçməlidir.