Britaniya Rusiyanın kiberhücumları ilə bağlı yeni sanksiyalar tətbiq edib

Birləşmiş Krallıq Rusiyanın dünyada zərərli kiberhücumlarını mümkün edən qanunsuz şəbəkələrinə qarşı yeni sanksiyalar tətbiq edib.

AZƏRTAC Britaniya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, yeni sanksiyalar “Media Land” adlı kibercinayətkar qruplaşmanı hədəfə alır. Bu qrup “bulletproof hosting” kimi tanınan, kibercinayətkarların aşkarlanmaqdan yayınmasına imkan verən onlayn infrastruktur təmin edir. Nazirlik qeyd edib ki, “Media Land”in xidməti sayəsində fişinq əməliyyatları və digər qanunsuz fəaliyyətlər həyata keçirilir.

Xarici işlər naziri İvet Kuper bildirib ki, 2024-cü ildə kibertəhlükələr Britaniya iqtisadiyyatına 14,7 milyard funt zərər vurub və hökumət qlobal səviyyədə bu fəaliyyətlə mübarizəni gücləndirir. Bəyanatda qeyd olunub ki, bu gün tətbiq olunan sanksiyalar Avstraliya və ABŞ-la koordinasiyalı şəkildə həyata keçirilib və Britaniyanın zərərli Rusiya kibertəşəbbüslərinə qarşı qətiyyətinin göstəricisidir. Bildirilib ki, Rusiya mənşəli bu şəbəkələr, o cümlədən “Media Land”in arxasında gizlənən kibercinayətkarlar Britaniyanın telekommunikasiya sektoru da daxil olmaqla, kritik milli infrastruktura hücumlar təşkil edib.

ƏvvəlkiAzərbaycanın 3×3 basketbol millisi İslamiadada qızıl medal qazanıb
NövbətiAzərbaycan güləşçisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub