Braziliya Prezidenti: COP-lar, sadəcə, yaxşı ideyaların nümayişi və ya danışıqlar üçün illik toplantılar olmamalıdır

Bu gün Braziliya Amazonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasına (COP30) hazırlıq məqsədilə Belem Sammiti açılır. Mən pre-COP günlərində dünya liderlərini bir araya gətirmişəm ki, hamımız iqlim böhranının tələb etdiyi təcililiklə hərəkət etməyə sadiq olaq.

Əgər bəyanatlardan real fəaliyyətə keçə bilməsək, cəmiyyətlərimiz təkcə COP-lara deyil, həm də çoxtərəfli sistemə və beynəlxalq siyasətə ümumiyyətlə inamlarını itirəcəklər. Məhz buna görə mən liderləri Amazonda topladım: bu konfransı “Həqiqət COP”u etmək üçün topladım. Biz planetimizə birgə sadiqliyimizin ciddiliyini nümayiş etdirəcəyik.

Bu fikirlər Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvanın eksklüziv olaraq AZƏRTAC-da dərc olunmuş “COP 30 – Həqiqət anı” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir ki, bəşəriyyət birgə hərəkət etdikdə, həmçinin elmi rəhbər tutanda böyük çağırışların öhdəsindən gələ biləcəyini sübuta yetirib. Biz Ozon qatını qoruduq. COVID-19 pandemiyasına qlobal cavab göstərdi ki, cəsarət və siyasi iradə olduqda dünya qətiyyətlə hərəkət edə bilər.

Braziliya 1992-ci ildə Yer Sammitinə ev sahibliyi edib. Biz İqlim, Biomüxtəliflik və Səhralaşma üzrə konvensiyaları qəbul etdik, planetimizi və insanlığımızı qorumaq üçün yeni model müəyyən edən prinsipləri təsdiqlədik. Son 33 ildə bu toplantılar istixana qazı emissiyalarının azaldılmasına dair mühüm razılaşmalar və hədəflər ortaya qoyub. Bu razılaşmalara 2030-cu ilədək meşələrin qırılmasının dayandırılması, eyni zamanda, bərpaolunan enerji istifadəsinin üçqat artırılması daxildir.

Otuz ildən sonra dünya iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün yenidən Braziliyaya qayıdır. COP30-un Amazon meşələrinin “ürəyində” keçirilməsi təsadüfi deyil. Bu, siyasətçilər, diplomatlar, alimlər, fəallar və jurnalistlər üçün Amazon reallığını öz gözləri ilə görmək imkanıdır.

“Biz istəyirik ki, dünya meşələrin, planetin ən böyük çay hövzəsinin və bölgədə yaşayan milyonlarla insanın əsl vəziyyətini görsün. COP-lar, sadəcə, yaxşı ideyaların nümayişi və ya danışıqlar üçün illik toplantılar olmamalıdır. Onlar reallıqla təmas və iqlim dəyişikliyi ilə mübarizə üçün effektiv fəaliyyət anları olmalıdır.

Bu böhranın öhdəsindən birlikdə gəlmək üçün resurslara ehtiyacımız var. Bundan əlavə, biz qəbul etməliyik ki, “ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər” prinsipi istənilən iqlim razılaşmasının təməlidir. Bu səbəbdən Qlobal Cənub daha çox resursa çıxış tələb edir. Bu, xeyriyyə məqsədilə deyil, ədalət naminə olan bir tələbdir. Çünki karbonəsaslı iqtisadiyyatdan ən çox faydalananlar məhz zəngin ölkələr olub. İndi onlar yalnız öhdəlik götürməklə deyil, borclarını yerinə yetirməklə də məsuliyyət daşımalıdırlar.

Belemdə meşələri qorumaq üçün innovativ təşəbbüs irəli sürəcəyik: Tropik Meşələrin Əbədi Təsisatı (TFFF). Bu, ianə mexanizmi kimi deyil, investisiya fondu kimi fəaliyyət göstərdiyinə görə innovativdir. TFFF meşələri qoruyub saxlayanları və fonda investisiya qoyanları mükafatlandıracaq. İqlim dəyişikliyi ilə mübarizədə əsl, qarşılıqlı faydalı bir yanaşma. Nümunə olaraq, Braziliya TFFF-ə 1 milyard ABŞ dolları məbləğində investisiya qoyduğunu elan etdi və biz digər ölkələrdən də eyni dərəcədə iddialı təkliflər (bəyanatlar) gözləyirik”, – deyə Braziliya Prezidenti yazıda qeyd edib.

Luiz İnasio Lula da Silva vurğulayıb ki, biz, həmçinin yeni Milli Müəyyənləşdirilmiş Töhfələri (NDCs) təqdim edən ikinci ölkə olmaqla nümunə göstərdik. Braziliya bütün istixana qazlarını və iqtisadi sektorları əhatə edərək tullantılarını 59-67 faiz azaltmağı öhdəsinə götürüb. Bu ruhda bütün ölkələri eyni dərəcədə iddialı NDCs təqdim etməyə və onları effektiv şəkildə tətbiq etməyə çağırırıq.

Enerji keçidi Braziliyanın Milli Müəyyənləşdirilmiş Töhfələrə uyğunlaşmaq üçün vacibdir. Enerji qarışığımız dünyanın ən təmiz enerji mənbələrindən biridir və elektrik enerjimizin 88 faizi bərpaolunan mənbələrdən gəlir. Biz bioyanacaq istehsalında liderik, külək, Günəş və yaşıl hidrogen enerjisi inkişaf etdiririk.

Neft istehsalından əldə edilən gəlirlərin ədalətli, nizamlı və bərabər enerji keçidinin maliyyələşdirilməsinə yönəldilməsi vacib olacaq. Zamanla Braziliyanın “Petrobras” şirkəti də daxil olmaqla, beynəlxalq neft şirkətləri enerji şirkətlərinə çevriləcəklər, çünki qalıq yanacaqlara əsaslanan inkişaf modeli uzunömürlü ola bilməz.

O bildirib ki, iqlim və enerji keçidi ilə bağlı siyasi qərarların mərkəzində insanlar olmalıdır. Cəmiyyətimizin ən həssas təbəqələrinin iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkdiyini qəbul etməliyik. Buna görə də keçid və uyğunlaşma planları bərabərsizliklə mübarizə aparmağa yönəlməlidir.

İki milyard insanın təmiz texnologiyalara və yemək bişirmə yanacağına çıxışının olmadığını, 673 milyon insanın hələ də aclıqdan əziyyət çəkdiyini unutmamalıyıq. Buna cavab olaraq, Belemdə Aclıq, Yoxsulluq və İqlim Bəyannaməsi təqdim edəcəyik. Qlobal istiləşmə ilə mübarizə öhdəliyimiz birbaşa aclıqla mübarizə ilə əlaqələndirilməlidir.

Qlobal idarəetmə islahatlarını irəli aparmağımız da vacibdir. Çoxtərəflilik bu gün BMT Təhlükəsizlik Şurasının iflic vəziyyətindən əziyyət çəkir. Sülhü qorumaq üçün yaradılan bu qurum müharibələrin qarşısını ala bilməyib. Buna görə də bu qurumda islahat uğrunda mübarizə aparmaq bizim borcumuzdur.

“COP30-da biz Baş Assambleya ilə əlaqəli BMT İqlim Dəyişikliyi Şurasının yaradılmasını dəstəkləyəcəyik. Bu, ölkələrin vədlərini yerinə yetirməsini təmin etmək üçün güc və lütf tələb edən yeni idarəetmə strukturu, çoxtərəfli sistemin mövcud iflicini aradan qaldırmaq üçün təsirli bir addım olardı.

Hər İqlim Konfransında çoxlu vədlər eşidirik, lakin çox az real öhdəlik görürük. Xoş niyyət bəyannamələri dövrü başa çatdı: fəaliyyət planları üçün vaxt gəldi. Buna görə də bu gün Həqiqətin COP-una başlayırıq”, – deyə Luiz İnasio Lula da Silva bəyan edib.

ƏvvəlkiÇempionlar Liqası: “Qarabağ” Bakıda “Çelsi” ilə heç-heçə edib
NövbətiSahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir