Brayza: “Ermənilər nasistlərin 1945-ci ildə Varşavanı dağıtdığı kimi Ağdamı viran qoyublar”

“İndi Ağdam şəhərinin mərkəzindəyəm. Gördüyünüz kimi, burada heç bir şey qalmayıb. Nasistlərin 1945-ci ildə Varşavada hər şeyi məhv etməsindən sonra olduğu kimi. Nifrətin nə dərəcədə olduğuna baxın. Ermənilər şəhəri bu qədər vəhşicəsinə dağıdıblar.”

“Report” xəbər verir ki, bu fikirləri ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bu gün ADA Universiteti ilə birlikdə beynəlxalq analitiklər qrupunun tərkibində Ağdam rayonuna səfəri zamanı deyib.

O, Ağdamın və onun görməli yerlərinin məruz qaldığı vəhşiliyin videogörüntülərini çəkib: “Ağdamdakı məşhur Cümə məscidi çox gözəldir. Mənim üçün bu itirilənlərin, lakin eyni zamanda ümidin simvoludur. Çünki 10 noyabrda əldə edilmiş razılaşmalar sülhün bərqərar olması üçün sabit platforma yaradıb. Ümid edirəm ki, bir neçə il sonra azərbaycanlılar buraya qayıda biləcəklər, amma bunun üçün əvvəlcə bütün minaları zərərsizləşdirmək lazımdır. Ermənistan Azərbaycana minalı ərazilərin xəritələrini verməlidir”.

O həmçinin məsciddən çıxan azərbaycanlı əsgəri də görüntüyə alıb: “Ağdamdakı məsciddən azərbaycanlı əsgərin çıxdığını görmək çox təsirlidir, bu, həyatın şəhərə necə qayıtdığını simvolizə edir, bu torpağa sülhün gələcəyinə bir vəd kimidir”.

M.Brayza beynəlxalq analitiklər qrupu ilə birlikdə Ağdamdakı Qarabağ xanlarının sarayını da ziyarət edib və burada bu tarixi obyektin məruz qaldığı vəhşilikləri öz gözləri ilə görüb: “Son 30 ildə mal-qara tövləsi olaraq istifadə edilmiş xan məqbərəsi. Burada hələ də qoxu var”, – o deyib.

“Səyahətimin sonunda isə Xocalı və Xankəndinə aparan yolun ümidlərlə dolu mənzərəsi durur”, – M.Brayza deyir.

Əvvəlki“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
NövbətiAprelin 15-də və 16-da tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək