BMT-dən qaçqın statusunun müəyyənləşdirilməsi prosedurundakı dəyişikliklərlə bağlı açıqlama

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi bu gündən etibarən qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunda etdiyi dəyişikliklər barədə açıqlama verib.

Qurumdan “Report”a daxil olan məlumatda qeyd edilir ki, Dövlət Miqrasiya Xidməti ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi (BMT QAK) arasında razılaşmalara uyğun olaraq, təşkilat iyulun 1-dən etibarən Azərbaycanda beynəlxalq himayə üçün müraciət edən şəxslər barəsində qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun həyata keçirilməsini dayandırdığını elan edib.

Buna görə də, bu gündən sığınacaq üçün müraciət edən şəxslərin vəsatətlərinə yalnız Dövlət Miqrasiya Xidməti və milli məhkəmələr tərəfindən baxılacaq, BMT QAK tərəfindən isə artıq baxılmayacaq. Analoji olaraq, BMT QAK 1 iyuldan etibarən sığınacaq üçün müraciət edən şəxslərə himayə sənədi verməyəcək. Bu dəyişikliklər qeyd olunan tarixədək sığınacaq üçün müraciət etmiş sığınacaq axtaranlara BMT QAK tərəfindən aparılan qeydiyyat və ya sənədləşdirmə baxımından mənfi təsir göstərməyəcək. BMT QAK sərəncamında olan maliyyə resursları çərçivəsində aidiyyətində olan şəxslərin himayəsi və onlara yardımı sahəsində müntəzəm fəaliyyətlərini davam etdirəcək.

Ötən illər ərzində məhsuldar əməkdaşlıq, texniki dəstək və potensialın artırılması fəaliyyətləri nəticəsində milli sığınacaq prosedurlarında beynəlxalq standartlara uyğun bir sıra pozitiv irəliləyişlər əldə olunmuşdur ki, bu da qaçqınların himayə olunmasında və onlar üçün davamlı həll yollarının təmin edilməsində hökumətin mühüm rolunu bir daha vurğulayır. Bununla belə, Azərbaycanın sığınacaq sisteminin beynəlxalq standartlara uyğun hala gətirilməsi hələ başa çatmayıb. Belə ki, münaqişə və təqib səbəbindən ölkələrini tərk edənlər uçun bu ölkədə adekvat himayə şəraitini təmin etmək üçün Azərbaycanın dövlət orqanları tərəfindən əlavə tədbirlərin görülməsinə ehtiyac var.

BMT QAK yuxarıda qeyd edilən sahələrdə Azərbaycan hökuməti ilə mövcud əməkdaşlığı daha da gücləndirməyə hazırdır və bu təşkilatın mandatının şamil olunduğu şəxslərin problemlərinin həlli sahəsində dəstəyini davam etdirəcək.