Amerikalı tədqiqatçılar Dünya okeanının plastikdən təmizlənməsinə doğru bir addım atıblar. Onlar plastiki duzlu suda parçalaya bilən genetik modifikasiya olunmuş mikroorqanizm “yaradıblar”.
Alimlərin qiymətləndirmələrinə görə, Dünya okeanında ümumi çəkisi iki milyondan artıq ton olan 170 trilyondan çox plastik hissəciyi üzür. Bununla bağlı Sakit okeandakı Böyük tullantı ləkəsi mənfi kontekstdə məşhurdur. Bu, plastik və Şimali-Sakit okean cərəyanının suları ilə gətirilən digər tullantıların ən böyük toplusudur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Havay adaları ilə Kaliforniya sahilləri arasında yerləşən ləkə sürətlə genişlənir, çünki okean cərəyanlarının dövr etməsi getdikcə daha çox dəniz tullantısı çəkir. Plastik tullantıların gəmidən baxanda ləkədə vizual olaraq gözəgörünməz olduğuna baxmayaraq, su nümunələrində çox miqdarda plastik mikrohissəciklər və kiçik ölçüdə plastik qırıntılar aşkar olunur. Bu tullantılar balıqların qəlsəmələrinə düşərək, onların həyatını ciddi şəkildə çətinləşdirir.
Sahənin dəqiq ölçüsü məlum deyil və onun təxmini qiymətləndirmələri 700 mindən 1,5 milyon kvadrat kilometrə qədər və daha çox dəyişir. Bu, misal üçün, Monqolustanın (1 566 600 kvadrat kilometr) ərazisi ilə müqayisə oluna bilər.
Amerikanın “5 Gyres” institutundan olan ekspertlər xəbərdarlıq ediblər ki, qlobal səviyyədə lazımi tədbirlər görülməzsə, 2040-cı ilə qədər Dünya okeanında plastik tullantıların həcmi iki dəfədən çox artacaq.
Vəziyyətdən ucuz çıxış yolu plastikin birbaşa dəniz suyunda parçalanması üsulu ola bilərdi. Şimali Karolina (ABŞ) ştatının Universitetində məhz bu həll yolu üzərində iş aparılır. Tədqiqatçılar genetik mühəndislik vasitəsilə şüşədən geyimə qədər geniş mallar spektrinin istehsalı üçün istifadə olunan yayılmış plastik növü olan polietilentereftalatı (PET) parçalaya bilən bakteriya yaradıblar.
Alimlər prosesə iki növ bakteriya cəlb ediblər. Birincisi, “Vibrio natriegens” adlı bakteriya duzlu suda özünü çox gözəl hiss edir və qismən sürətlə çoxalması ilə diqqət çəkir. İkinci – “Ideonella sakaiensis” adlı bakteriyanın xüsusiyyəti PET-ni parçalamaq və onunla qidalanmağa imkan verən fermentlərin istehsalıdır.
Alimlərin sözlərinə görə, onların nailiyyəti çox maraqlı və ümidvericidir. İlk dəfə olaraq, “V. natriegens” hüceyrələrinin öz səthində yad fermentlərə təsir etməsinə nail olunub. Bundan əlavə, alınan bakteriya plastiki duzlu suda parçalaya bilən ilk məlum olan genetik modifikasiya olunmuş orqanizm olub.
GMO bakteriyaların Böyük tullantılar ləkəsinə qalib gələ biləcəyini zaman göstərəcək, biomühəndislər isə hələ ki, eksperimentləri davam etdirirlər. Növbəti mərhələdə tədqiqatçılar “I. Sakaiensis” DNT-ni birbaşa “V. Natriegens” genomuna tətbiq etmək istəyirlər, bu da modifikasiya olunmuş orqanizmlərdə plastiki parçalayan fermentlərin istehsalını daha sabit etməyə imkan verəcək. Həmçinin bakteriyanın PET-nin parçalanması məhsulları ilə qidalana bilməsi üçün əlavə olaraq “V. natriegens”in dəyişdirilməsi planlaşdırılır. Plastikin parçalanması zaman kimya sənayesi üçün faydalı məhsulun əldə edilməsi daha bir potensial məsələdir.