Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, görkəmli xanəndə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Xan Şuşinski Fondunun dəstəyi ilə reallaşan gecə ilk olaraq monitordan xanəndənin öz ifası ilə başlanıb.

Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, musiqişünas Səadət Təhmirazqızı xanəndənin həyat və yaradıcılığından söz açıb.

Qeyd edilib ki, XX əsrin 50-ci illərində sənət fəaliyyətinə başlayan Əlibaba Məmmədov öz əməlləri və sənətkarlığı ilə xalqın böyük məhəbbətini qazanıb. Onun sənətini və şəxsiyyətini rövnəqləndirən, nurlandıran da məhz bu xalq məhəbbətidir. Bu məhəbbət daim Əlibaba müəllimin sənət yoluna işıq saçıb. Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Xanəndənin ifasında olan “Bayatı-Şiraz”, “Dəşti”, “Şur” və başqa muğam və təsniflər Azərbaycan radiosunun “qızıl fondu”nda qorunub saxlanılır. Ə.Məmmədov 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun bəstəkar kimi müəllifi olduğu mahnılarını muğam ifaçıları sevərək ifa edirlər. Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır.

Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoymuşdur. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Onun mahnıları yalnız özünün deyil, başqa sənətkarların da repertuarına daxil edilib. Xalq mahnısı adı ilə səslənən bu nəğmələr xalqın yaddaşına hopub, dillər əzbəri olub. Onlardan “Gəl bizə, yar”, “Beləyəm”, “Yaşa hələ” s. mahnıların adını çəkə bilərik. Bu mahnılar musiqi tədrisi proqramına daxil edilir.

Tədbirdə Xalq artisti tarzən Fikrət Verdiyev, Əlibaba Məmmədovun “Humayun” ansamblında xanəndə ilə birgə çalışan qarmon ifaçısı Hüseyn Hüseynov çıxış edərək xanəndə ilə bağlı xatirələrini bölüşdülər.

Vurğulanıb ki, Əlibaba müəllimin Azərbaycan mədəniyyətinə, muğamına verdiyi töhfəni xalqımız heç vaxt unutmayacaq.

Xanəndənin ailəsi adından filologiya elmləri namizədi, dosent Əsmətxanım Məmmədova çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür etdi.

Xatirə gecəsində Xalq artistləri Zabit Nəbizadə, Mələkxanım Əyyubova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Ehtiram Hüseynov, Bəyimxanım Vəliyeva, Sevinc Sarıyeva, Fehruz Səxavət, Təhmiraz Şirinov, xanəndələr Nisbət Sədrayeva, Hüseyn Məlikov, Məmməd Nəcəfov, Vəfa Vəzirova, Anar Quliyev Əlibaba Məmmədovun yaradıcılığından təsnif və mahnılar təqdim ediblər. İfaçıları Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı müşayiət edib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi tərəfindən təşkil edilən xatirə gecəsində həmçinin Səadət Təhmirazqızının Əlibaba Məmmədov haqqında yazdığı “Bizim ustad” kitabı qonaqlara hədiyyə edilib. Kitabda Əlibaba Məmmədov yaradıcılığının hər üç qolu – xanəndə, bəstəkar və şairliyi müfəssəl şəkildə toplanıb.