Belçikada gələcəyin üzən ekoşəhəri konsepsiyası təqdim olunub

Təbii ehtiyatların ilbəil azalması və planet əhalisinin artması alimləri aktual problemlərin həlli üçün yeni yollar – ərzaq mənbələri və insanların yaşaması üçün azad ərazilər axtarmağa vadar edir.

Trend-in məlumatına görə, tanınmış belçikalı memar Vinsent Kallebot tərəfindən suyun səthində tikilə bilən futuristik şəhər konsepsiyası təklif olunub. Əsas material təkrar emal edilmiş plastik tullantılardan, yosunlardan hazırlanacaq və binalar 3D printerlərində çap ediləcək. Yaşayış strukturları meduza şəklində olacaq. Hər bir yaşayış binasının diametri təxminən 500 metr təşkil edəcək.

Memar yaşayış komplekslərinin yer hissəsində yerləşən bitkilərin yetişdirilməsi üçün hibrid təsərrüfatların köməyi ilə şəhərin ərzaqla təmin olunması problemini həll etməyi təklif edir.

Su üzərində olan şəhər 20 min sakin üçün nəzərdə tutulub.