BDU-da Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektor vəzifəsini icra edən, professor İradə Əliyeva qonaqları salamlayıb, mərkəzin 10 illik yubileyi ilə əlaqədar yeni texniki avadanlıqlarla təmin olunmasını yüksək qiymətləndirib. Bildirib ki, 2008-ci ildə Koreyanın Milli İnformasiya Cəmiyyəti Agentliyinin yardımı ilə açılan mərkəz ötən 10 il ərzində tələbə və müəllimlərin İKT sahəsində bilik səviyyələrinin artırılması, elmi işlərə aid hesablamaların yerinə yetirilməsi kimi istiqamətlərdə uğurla fəaliyyət göstərib, universitet əməkdaşlarının Koreyanın müxtəlif ali təhsil müəssisələrində keçirilən konfrans, seminar və treninqlərdə iştirakını təmin edib.

Sonra Koreyanın Milli İnformasiya Cəmiyyəti Agentliyinin icraçı direktoru Conqpil Park, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyev çıxış ediblər. Onlar mərkəzin həyata keçirdiyi işlər barədə danışıb, o cümlədən bundan sonra da xarici və daxili rəqəmsal sistemlərin hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Tədbir çərçivəsində Milli İnformasiya Agentliyi haqqında qısa video-çarxın təqdimatı olub, qonaqlar Azərbaycan-Koreya İnformasiya Mərkəzi ilə yaxından tanış olublar.