Baş prokuror: “Prokurorluq orqanlarında ciddi islahatların həyata keçirilməsinə başlanılıb”

“Prokurorluq orqanlarında baş verən yeniliklər və dəyişikliklər, fəaliyyətin təkmilləşməsi üzrə görülən tədbirlər ölkədə aparılan kardinal islahatların tərkib hissəsidir. Cinayətkarlığın yeni və daha mürəkkəb formalarının meydana çıxmasına gətirən qloballaşma, cəmiyyətlərin sıx inteqrasiyası və informasiya texnologiyalarının sürətli inkişafı prosesləri hüquq-mühafizə orqanları üçün də yeni çağırışlar formalaşdırır. Bu yeni çağırışlarla şərtlənən hazırkı dövrdə zamanın tələblərinə uyğunlaşmanın əhəmiyyətini dərk edərək ölkəmizdə ictimai həyatın və dövlət idarəetməsinin bütün sahələrində islahatlar reallaşdırılır ki, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsi zərurəti ortaya çıxıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bildirib.

Qeyd olunub ki, bu zərurət 1 may 2020-ci il tarixdə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının yeni təyin olunmuş Baş prokurorunu videoformatda qəbulu zamanı bir daha vurğulanıb, prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr qoyulub:

“Belə ki, hüquq-mühafizə orqanlarında, o cümlədən prokurorluqda genişmiqyaslı islahatların aparılması məqsədilə yüksəkixtisaslı kadr korpusunun formalaşması mühüm şərt kimi qeyd olunub. Yüksəkkeyfiyyətli təhsil almış, gənc, peşəkar, bilikli, müasir yanaşmalara malik kadrların önə çəkilməsi, kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsi, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilərin yüksək nəzəri biliklərə malik olması, eyni zamanda dövlətçiliyə sədaqət prinsiplərini üstün tutması, həmçinin təcrübəli kadrların da öz biliklərini gənc nəsillə bölüşməsi diqqət yetirilməli olmalı məqamlar kimi vurğulanıb.

Həmçinin qeyd edilib ki, korrupsiyaya qarşı mübarizənin tam səmərəli şəkildə aparılması, qanunun aliliyini təmin etməklə sosial ədalətin bərqərar olunması kimi hədəfləri daim diqqət mərkəzində saxlamaqla bu istiqamətdə zəruri islahatlar davam etdirilməlidir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə prokurorluğun fəallığı artmalı və prinsipiallıq nümayiş etdirilməlidir. Burada həm inzibati yollardan, həm institusional dəyişikliklərdən, həmçinin cəza tədbirlərindən istifadə olunmasına diqqət yetirilməklə tədbirlərin kompleks xarakter daşıması göz önündə tutulmalıdır”.

K.Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 12 may 2020-ci il tarixdə Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olunaraq icra edilməsi istiqamətində səmərəli tədbirlər görülməkdədir:

“Fəaliyyət planında dövlət başçısının proqram xarakterli nitqindən irəli gələrək prokurorluq orqanlarının üzərinə düşən hər bir vəzifənin yerinə yetirilməsi üçün konkret tədbirlər nəzərdə tutulub. Prezidentin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin icrası ilə bağlı prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması üzrə ciddi islahatların həyata keçirilməsinə başlanılıb, qısa zaman ərzində struktur və bir sıra kadr islahatları həyata keçirilib. Hazırda bu proses intensiv olaraq uğurla davam etdirilir. Dövrün tələblərinə cavab verən müasir, dinamik, daha operativ və peşəkar prokurorluğun formalaşdırılması qarşıda dayanan başlıca vəzifədir. Bu baxımdan prosessual fəaliyyətə prokuror nəzarəti gücləndirilməli, ibtidai istintaqın keyfiyyəti yüksəldilməli, dövlətin təhlükəsizliyi, eləcə də vətəndaşların hüquq və azadlıqlarına qəsd edən cinayətlərə qarşı mübarizənin kəsəri artırılmalı, dövlət və özəl sektorlarda korrupsiyanın bütün təzahür formalarına qarşı ciddi mübarizə tədbirləri tətbiq edilməli, məhkəmələrdə dövlət ittihamının müdafiəsi işi keyfiyyətcə yeni mərhələyə qaldırılmaqla balanslaşdırılmış cəza siyasətinə riayət edilməsinə nail olunmalı, bu istiqamətdə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xüsusi diqqət yetirilməli, bütövlükdə prokurorluğun insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində iştirakı dərinləşdirilməlidir”.

“Həmçinin islahatların geniş vüsət aldığı hazırkı dövrdə Azərbaycan prokurorluğu qarşısında duran ümdə vəzifələrdən biri də ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar kontekstində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması, ümumilikdə isə kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə hüquqi vasitələrlə yaxından iştirak, hüququn aliliyi təmin edilməklə özəl sektorun inkişafına dəstək göstərilməsi, həmçinin dövlət idarəetməsində şəffaflığın təmin edilməsidir. Bu məqsədlərə nail olunmasında dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq, qabaqcıl beynəlxalq təcrübənin və beynəlxalq standartların öyrənilməsi və cari fəaliyyətdə tətbiqinə də səy göstərilməlidir. Sadalananları ümumiləşdirməklə qeyd etmək olar ki, qarşımızda prokurorluğun müasir yanaşmaya malik, çevik, eyni zamanda peşəkar bir quruma çevrilməsi ilə bağlı önəmli vəzifələr dayanır ki, bu məqsədlərə nail olmaq üçün prokurorluğun hər bir əməkdaşı üzərinə düşən vəzifələrin icrası ilə bağlı səylə çalışmalıdır.

Hesab edirik ki, bu istiqamətdə institusional islahatların həyata keçirilməsi nəzərdən keçirilməli, məsuliyyətlilik və hesabatlılığın artırılması təmin edilməklə yüksək şəffaflıq səviyyəsinə nail olunmalıdır. Qeyd edilən tədbirlərin reallaşdırılması ilə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə prokurorluğun üzərinə qoyulan vəzifələrin icrası istiqamətində əsaslı dönüş əldə edilməlidir. Əminliklə qeyd etmək istəyirəm ki, prokurorluq işçiləri bundan sonra da ölkə Prezidentinin həyata keçirdiyi müdrik və uzaqgörən dövlət siyasətini tam dəstəkləyərək respublikamızın hüquqi dövlət quruculuğu prosesində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində fəal iştirak edərək prokurorluğun fəaliyyətinin müasir dövrün standartlarına uyğun qurulması istiqamətində səylərini daha da artıracaq, üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq cinayətkarlığın bütün təzahürlərinə və digər qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin və suverenliyimizin müdafiəsi, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun və təhlükəsizliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsinə öz töhfələrini verəcəklər”, – K.Əliyev vurğulayıb.