BAMF-ın bəyanatı BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının sənədləri arasında yer alıb

Ofisi Azərbaycanda yerləşən və BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) yanında əsas məşvərətçi statusa malik Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının sənədləri çərçivəsində yazılı bəyanatı yayılıb.

BAMF-ın prezidenti Umud Mirzəyevin AZƏRTAC-a verdiyi məlumata görə, “Münaqişə zonalarında mədəni və dini irsin məhv edilməsi” adlı bəyanatda qonşu Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalına səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilir. Bəyanatda, həmçinin Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə, Dağlıq Qarabağda və ona bitişik 7 rayonda dağıdılmış maddi, mədəni və dini obyektlər barədə məlumatlar yer alıb.

BAMF səyləri birləşdirməyə və İnsan Hüquqları Şurasını və hər bir dövləti ayrı-ayrılıqda müharibə zonalarında, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irs və əmlakların məhv edilməsi ilə bağlı yaranmış vəziyyətə diqqətlə yanaşmağa çağırır.

Eyni zamanda, BAMF Cenevrədəki Beynəlxalq İnsan Hüquqları və İnkişaf İnstitutu ilə əməkdaşlıq çərçivəsində 17 mart 2020-ci il tarixdə BMT-nin Cenevrə ofisində “Müharibə bölgələrində mədəni irs” adlı paralel sessiya təşkil etməyi planlaşdırmışdı. Təəssüf ki, İnsan Hüquqları Şurasının Katibliyi Birləşmiş Millətlər Təşkilatının Cenevrə nümayəndəliyinin Baş direktorunun koronavirusla bağlı yaranmış qlobal vəziyyətə (COVID-19) və mümkün nəticələrə dair tövsiyələrinə əsasən İnsan Hüquqları Şurasının 43-cü iclası çərçivəsində planlaşdırılan bütün tədbirlər ləğv edib. Buna baxmayaraq, BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyası çərçivəsindəki sənədlər arasında Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş bütün vandalizm aktlarını, işğal faktını əks etdirən rəsmi bəyanat hər kəsin istifadəsi üçün açıqdır. Bəyanatın əslini bu link vasitəsilə əldə etmək olar: https://ap.ohchr.org

AZƏRTAC sənədin Azərbaycan dilinə tərcümə olunmuş məzmununu təqdim edir:

Münaqişə zonalarında mədəni və dini irsin məhv edilməsi

Münaqişə zonalarında mədəniyyət abidələrinin və memarlıq məkanlarının qorunması problemi bir neçə onilliklər ərzində ən aktual problemlərdən biri olub. Mədəni sərvətlərin məhv edilməsi bütün beynəlxalq norma və standartların ciddi şəkildə pozulması deməkdir. Bununla yanaşı, mədəni irsin və şəxsi əmlakın vəhşicəsinə məhv edildiyi və ya vandalizm aktlarına məruz qaldığı halların sayı xüsusilə də münaqişə zonalarında daim artmaqdır.

1980-ci illərdən bəri dünyada silahlı münaqişələrin kəskinləşməsi müşahidə olunur. Daha sonra Sovet İttifaqının dağılması postsovet məkanında, xüsusən də Dağlıq Qarabağ bölgəsində bir sıra münaqişələrin yaranması ilə müşayiət olundu.

Mədəni irsin təhlükə altına düşdüyü bir neçə vəziyyət mövcuddur: birincisi, düşmənçilik dövründə, ikincisi, ayrı-ayrı xalqların tarixi irsinin müxtəlif ekstremist və terrorçu qruplar tərəfindən məhv edilməsi, üçüncüsü və ən dəhşətlisi, dövlətlərin özləri tarixi yenidən yazmaq və onu özlərinə lazım olan şəkildə təqdim etmək üçün işğal etdikləri ərazidə tarixi dəyərləri məhv etmək qərarına gələrkən.

1954-cü ildə UNESCO-nun himayəsi ilə silahlı qarşıdurma vəziyyətində mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyası qəbul edildi. 2017-ci il martın 24-də BMT Təhlükəsizlik Şurası tarixdə ilk dəfə olaraq mədəni irsin qorunması ilə əlaqədar 2347 saylı qətnaməni yekdilliklə qəbul etdi. Qətnamə silahlı qarşıdurma vəziyyətində xüsusən terrorçu qruplar tərəfindən mədəni irsin qanunsuz məhv edilməsini, habelə talançılıq və qanunsuz olaraq mədəni sərvətlərin ölkədən çıxarılması hallarını, tarixi kökləri və mədəni müxtəlifliyi inkar etmək cəhdlərinin münaqişələri daha da gücləndirməsi və münaqişədən sonrakı milli barışığa mane olması və bununla da münaqişədən əziyyət çəkən dövlətlərin təhlükəsizliyini və sabitliyini, idarəetməsini, sosial, iqtisadi və mədəni inkişafını pozmasını vurğulayırdı.

Bundan əvvəl, 2016-cı il 6 oktyabr tarixində İnsan Hüquqları Şurası yekdilliklə “Mədəni hüquqlar və mədəni irsin qorunması” adlı qətnamə (A/HRC/ RES/33/20) qəbul etdi. Qətnamədə mədəni hüquqlardan, xüsusən də hər kəsin mədəni həyatda iştirak etmək hüququndan, o cümlədən mədəni irsdən istifadə etmək hüququna xələl gətirə və məhvedici təsir göstərdiyi qeyd olunur, dünyadakı silahlı qarşıdurmalar zamanı və ya sonrasında mədəni irsin qanunsuz olaraq məhv edilməsinə yönəlmiş bütün hərəkətlər qətiyyətlə pislənilir, münaqişədən əziyyət çəkənlərə, xüsusən də köçkünlərə verilən mədəni hüquqların tam təmin edilməsinin tez bir zamanda bərpa olunmasının vacibliyini qəbul edərək silahlı qarşıdurmaların bütün tərəflərini beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun olaraq güc tətbiqindən və ya mədəni sərvətlərin hədəfə alınmasından çəkinməyə çağırır.

Problem təkcə mədəniyyət obyektlərinin dağıdılması deyil, işğal olunmuş ərazidə mülkiyyət hüquqlarının pozulması da buraya daxildir. Yüz minlərlə qaçqın və məcburi köçkün evlərini tərk etmək məcburiyyətində qalıb. İnsanlar ən zəruri şeylərini götürərək evlərini və mülklərini tərk edirlər. Nəticədə evləri ya başqaları tərəfindən zəbt olunur, ya da sadəcə dağıdılır. Tarixdə insanların münaqişə başa çatdıqdan sonra öz doğma yurdlarına qayıtdığı və yenidən öz evlərində məskunlaşdığına dair nümunələr azdır. Müharibə zamanı əmlakın itirilməsi və evlərin tərk edilməsi barədə düşünmək lazımdır, əksər hallarda insanlar heç bir kompensasiya almırlar.

Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə “Evdə sülh, ölkədə sülh, cahanda sülh” şüarı ilə yaradılmış və uzunmüddətli hədəfi qlobal sülh quruculuğu, bərabər və davamlı inkişafa dəstək vermək olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Yarandığı vaxtdan bəri BAMF coğrafi fəaliyyətini postsovet, Asiya və Avropada genişləndirib, BMT qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, Azərbaycanda yerləşən müxtəlif xarici diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar, dövlət və qeyri-hökumət strukturları ilə möhkəm əməkdaşlıq əlaqələri qura bilib. BAMF tərəfdaşlıq quraraq əhalinin həssas təbəqəsinə, xüsusilə qadın və uşaqlara, mina qurbanlarına, müharibədən zərər çəkmiş bölgələrdə yaşayan qaçqın və məcburi köçkünlərə dəstək olmaq, cəmiyyətə inteqrasiya, hüquq və bərabərliyin təmin olunması istiqamətində müxtəlif humanitar, sosial, media və təhsil layihələrini həyata keçirmək üçün işləyir. Bundan əlavə, təşkilat sənədli filmlər çəkərək həqiqəti ictimaiyyətə çatdıraraq dünyanın diqqətini baş verən vandalizm aktlarına və münaqişə zonalarında mədəni irsin məhv edilməsinə cəlb etməyə çalışır. Hazırda BAMF beş əsas istiqamətdə fəaliyyət göstərir: Media və vətəndaş cəmiyyətinin inkişafı; Sülh quruculuğu və münaqişələrin həll edilməsi; İcmanın inkişafı; Qaçqınlar/məcburi köçkünlərlə bağlı problemlər; Təhsil.

Mövcud konvensiya və qətnamələrə baxmayaraq, mədəni irsin qəsdən məhv edilməsi problem ildən-ilə artır. Dünyanın 50-dən çox ölkəsində baş verən qarşıdurmalar, 65 milyondan çox qaçqın və məcburi köçkünün meydana çıxması mədəni/dini irs və mülkiyyətin dağıdılması hallarının sayını artırır. Bu vəziyyət beynəlxalq müqavilələrə və adi beynəlxalq hüquqa uyğun olaraq mədəni irsin qorunmasını gücləndirmək üçün dövlətlər və beynəlxalq təşkilatlar, vətəndaş hüquqları fəalları və ekspertlər tərəfindən dərhal və daha qətiyyətli addımlar atılmasını tələb edir.

Azərbaycan tarixi abidələrin qorunması ilə məşğul olan bir çox beynəlxalq konvensiya və komitələrin iştirakçısıdır, eyni zamanda, 90-cı illərin əvvəllərindən bəri qonşu Ermənistan tərəfindən ərazisinin təxminən 20 faizinin işğal olunması problemi ilə üzləşən ölkələrdən biridir. İndiyə qədər də Azərbaycanın işğal olunmuş ərazilərində mədəniyyət abidələri, əmlak, dini yerlər dağıdılmaqda davam edir.

Bu gün Azərbaycanda 1,2 milyondan çox qaçqın və məcburi köçkün yaşayır. Təkcə 1989-cu ildə təxminən 300.000 azərbaycanlı Ermənistandan zorla deportasiya edildi. Bu gün Azərbaycan əhalisinin 10 milyon nəfərə çatdığını nəzərə alsaq, 1 nəfərə düşən qaçqın və məcburi köçkünlərin sayı digər ölkələrlə müqayisədə xeyli çoxdur. Azərbaycanın işğal olunmuş ərazilərində 900 mindən çox yaşayış məntəqəsi və ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 min mənzil, 4666 sosial və mədəniyyət obyekti, 7000 ictimai tikili, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya-kurort kompleksi, 798 tibb müəssisəsi, 927 kitabxana, 1510 mədəniyyət müəssisəsi, 598 rabitə obyekti, 40 mindən çox muzey eksponatı məhv edilib. Bir milyondan çox insanın mülkiyyət hüququ, dinc və davamlı şəraitdə yaşamaq hüququ ciddi şəkildə pozulub. İşğal olunmuş bölgələrin kənd təsərrüfatına, infrastruktura, sənayeyə və tarixi irsə ziyan vurulması qayda-qanunun dinc şəkildə bərpa edilməsi üçün mümkün qədər tez dayandırılmalıdır. Beynəlxalq ictimaiyyət təxminən 30 ildir davam edən bu vəziyyətə daha çox diqqət yetirməlidir. BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874 və 884) baxmayaraq, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün və öz növbəsində, Cənubi Qafqaz bölgəsinin davamlı və bərabər inkişafına gətirəcək əsas amil olan bu qətnamələrə məhəl qoymur.

Etnik təmizlənmə başa çatdıqdan sonra Ermənistan bu ərazilərdə azərbaycanlıların mövcudluğunun bütün izlərini aradan qaldırmağa başladı. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində ümumilikdə 1891 maddi və mədəniyyət abidəsini, o cümlədən 738 tarixi abidəni, 83.500-dən çox eksponatı olan 28 muzeyi, 4 foto qalereyanı, 14 xatirə kompleksini və 1107 mədəniyyət obyektini məhv etdi. Bundan başqa, Cəbrayılda XVII əsrə aid məscid kompleksi, XVIII əsrə aid Şuşa şəhərində olan Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri və XIX əsrə aid Ağdam məscidi qarət və talan edildi və təhqir obyektinə çevrildi. Şuşada Vaqifin məqbərəsi, Natəvanın evi, Karvansaray kimi arxeoloji abidələr dağıdıldı və talan edildi. Erməni kilsəsi ilə əlaqəsi olmayan, işğal olunmuş Xocalı, Kəlbəcər, Laçın, Xocavənd və digər rayonlarda yerləşən Alban xristian kilsələrinin əmlakı mənimsənildi, memarlıq xüsusiyyətləri dəyişdirilərək erməni abidələri kimi təqdim edildi. Kəlbəcər bölgəsində yerləşən orta əsrlərə aid Qannesar və Hvivan Alban xristian kilsələri xüsusilə qeyd edilməlidir. 2003-cü ildən bu yana Azıx mağarasında və Ağdam ətrafında qanunsuz arxeoloji qazıntılar aparılır.

Eyni aqibət Azərbaycan xalqının Ermənistan ərazisindəki mədəni irsinə də aiddir. İrəvandakı Dəmirbulaq məscidi tamamilə yox edildi və Mavi Məscid orijinal xüsusiyyətlərini dəyişdirmək üçün “təmir edildi”. Dağıdılmış memarlıq abidələrindən Hacı Novruzəlibəy məscidi, Qara Seyid tərəfindən inşa edilən Sərdar sarayı və ya Xan sarayı, İrəvandakı Sərdar məscidi də sistematik şəkildə dağıntıya məruz qaldı və 2014-cü ildə tamamilə məhv edildi.

Ən pisi isə odur ki, bəzən qəbiristanlıqlar da vandalizmə məruz qalır. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində bir neçə qəbiristanlıq məhv edilib və vandalizm aktlarına məruz qalıb. Qəbir daşları və abidələr xüsusi qəddarlıqla güllələnib.

Mədəniyyət obyektlərinə qarşı cinayətləri silahlı qarşıdurmalar zamanı insanlara qarşı törədilən cinayətlərlə müqayisə etmək çətin olsa da, dünyanın mədəni irsin məhv edilməsi hallarına xüsusi diqqət yetirməsi gələcəkdə mədəniyyət abidələrinin daha yaxşı qorunacağına ümid yaradır.

Sonda BAMF İnsan Hüquqları Şurasını mədəni irs və əmlak elementlərinin Azərbaycanın işğal olunmuş ərazilərindəkilər də daxil olmaqla məhv edilməsi vəziyyətinə diqqətlə yanaşmağa çağırır. Dünya birliyi münaqişələrin həlli prosesində tarixi məkanların qorunmasının vacibliyini nəhayət tam dərk etməlidir.

Beynəlxalq ictimaiyyəti tarixi, mədəni və dini irsin qorunması istiqamətində qüvvələrini birləşdirməyə çağırırıq. Bütün səyləri birləşdirmək və ölkələrin mədəniyyətlərinin, tarixlərinin və şəxsiyyətlərinin bir hissəsi olan obyektlərini təmin etmələrinə kömək etmək lazımdır. Daha yaxşı reaksiya vermək üçün irsin məhv edilməsi halları ilə bağlı beynəlxalq şüurun artırılması vacibdir.

Biz beynəlxalq ictimaiyyəti, o cümlədən BMT, beynəlxalq təşkilatlar, qeyri-hökumət və dövlət qurumlarını silahlı qüvvələrdən istifadə edərək nəinki suveren bir dövlətin ərazisini işğal edən, hətta işğal edilmiş ərazilərdəki mədəni irsi və mülkləri məhv etməyə davam edən Ermənistanı məsuliyyətə cəlb etmək üçün təcili tədbirlər görməyə çağırırıq.

İnsan Hüquqları Şurasını da təxminən 30 ildir ki, evlərini tərk etmək məcburiyyətində qalan minlərlə qaçqın və məcburi köçkünün əmlakının ilhaq edilməsi ilə bağlı bu vacib məsələni həll etməyə çağırırıq.