“Baktelecom” Binə qəsəbəsində optik şəbəkəsini istifadəyə verib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) paytaxtın Xəzər rayonunda yerləşən Binə qəsəbəsi, Südçülük massivində 5 min nömrə tutumlu yeni optik şəbəkəsini istifadəyə verib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sözügedən ərazidə artıq 500-dən çox ailə telefon, internet və televiziya xidmətləri ilə təmin olunub. Bu xidmətlərin dəstəklənməsi üçün istifadəçilərə modemlər ödənişsiz təqdim edilib.

Əlavə olaraq qəsəbənin Atçılıq massivində də “Evədək optika” layihəsi icra olunur. Müasir standartlara cavab verən fiber-optik xətlərin çəkilişi yekunlaşdıqdan sonra sakinlərin telekommunikasiya xidmətlərinə qoşulması təmin ediləcək.

Ümumilikdə “Baktelecom” Binə qəsəbəsində 2022-ci ilin ortalarınadək 10 min nömrə tutumlu optik şəbəkənin tikintisini planlaşdırır. Aparılan yenidənqurma işləri ilə ərazidə rabitə xidmətlərinə mövcud tələbatın tam şəkildə aradan qaldırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Evədək optika” layihəsi çərçivəsində Bakı və ətraf ərazilərdə 230 min istifadəçi tutumlu optik şəbəkə yaradılıb. Artıq bu şəbəkə üzərindən 130 min mənzilin müasir standartlarla optik xidmətlərə qoşulması təmin edilib. Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan “GPON” (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı, telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən təqdim etməyə imkan yaradır.

1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin iyulun 19-da “Bakı Telefon Rabitəsi” MMC olaraq yenidən təşkil edilib. 2001-ci ilin mayın 10-da BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.

“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri – telefon, internet, “DATA”, “İPTV”, “CDMA” və “LTE” texnologiyalarına əsaslanan telefoniya xidmətləri təqdim edir. Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.

Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, “IP/MPLS” texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, “GPON” texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “Azeurotel” MMC fəaliyyət göstərir. Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.